İqlim dəyişikliyi yalnız ətraf mühiti deyil, sülh və sabitliyi də təhdid edir
Ekologiya və ətraf mühitin mühafizəsi
Azərbaycan ciddi çağırışlarla qarşılaşır
İqlim dəyişikliyi ilə mübarizə regionumuzda sülhün, sabitliyin və davamlı inkişafın təmin olunmasından ayrı düşünülə bilməz
Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 (BCAW2025) öz işini davam etdirir. Beş gün keçiriləcək tədbirin artıq dördüncü günüdür. Sentyabrın 29-da açılış mərasimi keçiriləndən sonra nəzərdə tutulan mövzuların sessiyalarda müzakirəsi aparılır.
Xatırladaq ki, birinci Bakı İqlim Fəaliyyəti Həftəsi keçən il COP29 ərəfəsində keçirilib. Ötən ilin təcrübəsi sayəsində formalaşmış möhkəm təməl üzərində qurulan bu təşəbbüs hazırda beynəlxalq əməkdaşlıq, eləcə də innovasiyalar, bilik mübadiləsi və praktiki iqlim həlləri üzrə mühüm platforma funksiyasını davam etdirir. Onu da qeyd edək ki, dünyanın müxtəlif yerlərində təşkil olunan iqlim fəaliyyəti həftələri beynəlxalq iqlim diplomatiyasına yeni nəfəs verməklə yanaşı, iqlim fəaliyyətinin həm yerli, həm də regional müstəvidə həyata keçirilməsinə diqqət yetirilməsini zərurətə çevirib. İqlim fəaliyyəti həftələri həm Asiya, Latın Amerikası və Afrika ölkələrində, həm də Yaxın Şərq və Şimali Afrika (MENA) regionlarında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Regional İqlim Həftələrini tamamlayır. Onlar UNFCCC-nin Tərəflər Konfransı (COP) ərəfəsində ambisiyaların artırılması, eləcə də iqlim fəaliyyətinin sürətləndirilməsi istiqamətində aparılan rəsmi diplomatik səylərə töhfə verir.
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində "dəyirmi masa" da keçirilib. "İqlim dayanıqlılığı və sıfır emissiyaya keçid üçün iqlim qanunlarının və təşkilatlarının gücləndirilməsi" mövzusu müzakirə olunub. Müzakirələr zamanı Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qlobal iqlim dəyişikliyi fəsadlarının hər gün daha aydın şəkildə hiss olunduğuna diqqət çəkib: "Bu dəyişikliklər yalnız ətraf mühitə deyil, həm də insanların sağlamlığına və gələcək nəsillərin həyatına ciddi təsir göstərir. Genetik problemlərə yol açan iqlim dəyişiklikləri göstərir ki, biz daha rasional və davamlı addımlar atmalıyıq".
O qeyd edib ki, hazırkı dünyada hərbi əməliyyatların da təsirini nəzərə alsaq, görüləcək tədbirlər yalnız insanlara deyil, həm də planetimizin gələcəyinə təsir göstərir: “Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə irəli sürülən sülh və əməkdaşlıq prinsipləri xüsusilə önəm daşıyır. "Davamlı inkişafın əsas meyarlarından biri enerji istehsalıdır. Son dövrlərdə enerji şəbəkəsinə tələbat əhəmiyyətli dərəcədə artıb. Azərbaycanda bərpaolunan enerji sahəsində atılan addımlar bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində yaradılan yeni enerji obyektləri ölkəmizin enerji təhlükəsizliyinə və davamlı inkişafına böyük töhfə verir. Statistik göstəricilər göstərir ki, gələcəkdə qlobal enerji tələbatı daha da artacaq. Bu isə bizi daha çox məsuliyyətli və innovativ yanaşmalar tətbiq etməyə məcbur edir. Məqsədimiz həm ekoloji dayanıqlılığı təmin etmək, həm də enerji resurslarını səmərəli istifadə etməkdir".
Çıxışlarda bildirilib ki, Azərbaycanın külək enerjisi üzrə quruda 3 qiqavat həcmində iqtisadi potensiala, həmçinin dənizdə 157 qiqavat texniki potensiala malikdir. Bu potensialın reallaşdırılması istiqamətində mühüm addımlar atılıb. "ACWA Power" və "Masdar" kimi beynəlxalq investorlarla həyata keçirilən layihələr bunun bariz nümunəsidir.
Hazırda hidroenerji ölkənin illik elektrik enerjisi istehsalının təqribən 10 faizini təşkil edir. Şirin su ehtiyatlarının təxminən 25 faizi Prezident İlham Əliyevin "yaşıl enerji" zonası elan etdiyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında cəmləşir. Bu potensial həmin ərazilərdə 2050-ci ilədək xalis sıfır (net-zero) hədəfinə çatmaq üçün xüsusi əhəmiyyətə malikdir. Hidroenergetika infrastrukturunun tacı isə 424 MVt qoyuluş gücünə malik Mingəçevir Su-Elektrik Stansiyası hesab olunur.
Ölkəmizin iqtisadi cəhətdən səmərəli günəş enerjisi potensialı 23 qiqavat təşkil edir. Başqa sözlə, günəşli saatların sayı ildə 2400-3200 saat arasında dəyişir. Bu da təbii ki, günəş enerjisi istehsalı üçün əlverişli şərait və imkan yaradır. İki il əvvəl 230 meqavatlıq "Qaradağ" Günəş-Elektrik Stansiyasının açılışı və hazırda bir sıra digər layihələrin reallaşdırılması da elə bunu göstərir.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev Sherg.az-a açıqlamasında bildirib ki, Bakı İqlim Fəaliyyəti Həftəsi tədbirləri iqlim dəyişikliyinin təsirlərinə qarşı fəaliyyətlərin koordinasiyası üçün ümumiləşdirici platforma rolunu oynayır:
“İqlim dəyişiklikləri ətraf mühitin və insanlığın qarşılaşdığı ən ciddi təhdidlərdən biridir. Bu, ekoloji, sosial və iqtisadi aspektləri əhatə edən, inteqrasiya olunmuş əməkdaşlıq tələb edən mürəkkəb bir problem olaraq ortaya çıxır. Qlobal istiləşmə dünyanın müxtəlif regionlarına fərqli formalarda təsir edir.
Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı ciddi çağırışlarla qarşılaşır, məsələn, su ehtiyatlarının azalması və kənd təsərrüfatı üçün optimal şəraitin saxlanılması və s. məsələlərdə, bölgədə iqlim dəyişiklikləri ilə mübarizədə aktiv beynəlxalq təşəbbüslər göstərir. İqlim dəyişikliyi ilə mübarizə regionumuzda sülhün, sabitliyin və davamlı inkişafın təmin olunmasından ayrı düşünülə bilməz. Beynəlxalq təşkilatlar iqlim dəyişikliyinə qarşı mübarizədə mühüm rol oynayırlar.
Son bir neçə ildir ki, dünya ölkələri iqlim dəyişmələri, təbiətin məhv olması və ətraf mühitin çirklənməsi və tullantılar kimi üç amilin törətdiyi planetar böhranı həll etmək naminə həmişəkindən daha sıx əməkdaşlıq edir.
İqlim dəyişikliyi ilə mübarizədə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin rolu fərqli, lakin bir-biri ilə bağlıdır. Tarixən istixana qazı emissiyalarına görə ən çox mənfi mənada töhfə vermiş inkişaf etmiş ölkələr yüngülləşdirmə hallarına görə liderlik etməyə mənəvi olaraq həm də ona görə borcludurlar ki, bu, emissiyaların əhəmiyyətli dərəcədə azaldılmasına, qlobal iqlim fondlarına böyük maliyyə töhfələri kimi məsələlərin davamlı inkişafına dəstək verməlidirlər. Digər tərəfdən, inkişaf etməkdə olan ölkələr iqtisadi inkişafı davam etdirmək və karbon izlərini minimuma endirmək kimi ikiqat çağırışla üzləşirlər. Beynəlxalq əməkdaşlıq isə inklüziv siyasət və ədalətli resurs bölgüsü ilə bu ölkələrin davamlı inkişaf hədəflərinə çatmasına dəstək olmaq üçün zəruri məsələ kimi önə çıxmaqdadır”.
N.Həmzəyevin sözlərinə görə, Azərbaycan ətraf mühitin qorunması, iqlim dəyişikliyinə qarşı mübarizənin ən yüksək səviyyədə təşkil edilməsində maraqlıdır və bununla bağlı dövlət siyasəti həyata keçirir:
“Azərbaycan uzun illərdir ki, iqlim dəyişikliklərinin fəsadlarının aradan qaldırılması, ətraf mühitin qorunması, şirin su ehtiyatlarının öyrənilməsi və inkişaf etdirilməsi, eyni zamanda nəsli kəsilməkdə olan heyvanların qorunması ilə yanaşı meşə massivinin yenidən salınması işlərində aktivlik göstərir. Dövlət bununla bağlı xüsusi layihələr həyata keçirir. Eyni zamanda Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti tərəfindən ekologiya ilə bağlı çoxlu sayda işlər görülür.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox aktiv iştirak edən bir dövlətdir. Eyni zamanda Azərbaycan Avropaya yaşıl enerjini ixrac edəcək bir dövlətə çevrilmək istəyir. Bununla əlaqədar olaraq Azərbaycan Qara dənizin dibindən keçən xüsusi yaşıl enerji dəhlizini qorumağı planlaşdırır. Azərbaycanın yaşıl enerjisinin məhz Avropaya ötürülməsi yaxın gələcəkdə mümkün olacaq. Bir sözlə, Azərbaycan 2030-cu ilə qədər öz daxilində yaşıl enerjidən istifadəni 30 faizdən çox artıracaq. Havaya buraxılan zəhərli qazların miqdarı azalacaq. Nəticə etibarı ilə Azərbaycan ətraf mühitin qorunmasına bu şəkildə də töhfə vermiş olacaq. Azərbaycanın məhz ekologiya, ətraf mühit və yaşıl enerji ilə bağlı lahiyələri reallaşacağı təqdirdə Azərbaycan region üçün çox önəmli işlər görmüş olacaq”.