Bu yağıntılar başdan-ayağa müəmmadır - Ekoloq Ənvər Əliyev

İntensiv, leysan xarakterli yağıntıların davamlı şəkildə təkrarlanması həqiqətən də sual doğurur

Bu cür dolu ilə müşayət olunan yağıntılar Azərbaycan iqlimi, coğrafiyası üçün arakterik sayılmır

Bu gün saat 16:00 radələrində paytaxt növbəti dəfə leysan yağışa tutuldu. Yağış həm də dolu ilə müşayət olundu. Bir neçə dəqiqə ərzində şəhəri su basdı.  

 Paytaxt Ekoloq Ənvər Əliyev “Sherg.az”a açıqlamasında bildirdi ki, belə hal bir, iki dəfə olsaydı, buna adi baxmaq olardı. Amma intensiv, leysan xarakterli yağıntıların davamlı şəkildə təkrarlanması həqiqətən də sual doğurur: 

- Mən 50 ilə yaxındır Bakıdayam, yadıma gəlir ki 1968-ci ildə olub belə hal. Amma ondan sonra bu cür güclü, leysan xarakterli, dolu ilə müşayət olunan hava görünməmişdi. Hesab edirəm ki, bu, anomaliyadır. Təbiətdə belə hadisələr olanda insanlar səbəb axtarır. Kənar müdaxilələrdən danışılır, hardasa hansısa ölkənin buludları “partlatdığı” deyilir və ya əksinə, guya indiyədək buludlar dağıdılırdı, son zamanlar dağıdılmadığından bizim əraziyə də leysan yağışları düşür. İrəli sürülən fikir elmi əsaslara söykənməlidir. Hələ ki elmi bir izah yoxdur. Amma bu cür leysan xarakterli, dolu ilə müşayət olunan yağıntılar Azərbaycan iqlimi, coğrafiyası üçün arakterik sayılmır. Əgər yağıntılar 1 gün davam etsə, ayda 1-2 dəfə olsa, o zaman normal yanaşmaq olar. Amma mart ayından bu yana intensiv yağıntılar uzun müddətdir davam edir, qısa aralıqlarla fasilə olur, yenə güclü yağıntılar başlayır. Çoxillik göstəricilərə baxanda çox az olub belə hallar, adətən fəsillər dəyişəndə baş verib. Amma bu cür anomal yağıntılar olmurdu. Normalar pozulub artıq. Azərbaycan iqlim qurşaqlarının qovuşduğu coğrafiyadır. 45 faiz mülayim, 55 faiz subtropuik qurşaqdı. Bu yağıntılarsa başdan-ayağa müəmmadır.