Əli İsa Cabbarov: Məsələ həll olunmazsa təşkitamız zərbə altında qala bilər

 İmzalar saxta idi, ittihamlar saxta idi

Azərbaycan Kinematoqrafçılar İttifaqında hələ ki sular durulmayıb. Məlumdur ki, bir neçə gün öncə AKİ-nin qurultayı keçirilməli və sədr seçkiləri baş tutmalıydı. Qurultay oldu, sədr də seçildi. Amma qurultayda yetərsay olmadığından nəticə hələ təsdiqlənmiş sayılmır. Yetərsiz saya səbəb isə İdarə Heyətinin bir neçə üzvünün qurultayı boykot etməsi olub. Bu azmış kimi boykot taktikası seçənlər İttifaqın bəzi üzvlərini də qurultayda iştirak etməkdən çəkindirib. Belə məlum olur ki, bu şəxslər hazırkı sədr Şəfiqə Məmmədovanın tərəfdarlarıdır. Qurutayın gedişindən yayılan video-görüntülər, bir sıra iştirakçıların sosial şəbəkələrdə yayılan çıxışları və rəylər onu göstərir ki, əslində çoxluq Əli İsa Cabbarovun İttifaqa sədr seçilməsini istəyir və bunun kinomuzun inkişafı üçün məqbul olacağına inanır. Bəs nəticələr təsdiqlənməsə necə olacaq? 

Əli İsa Cabbarov “Sherg.az”a açıqlamasında bildirdi ki, İdarə Heyətinin 8 may tarixli qərarına əsasən 26 may tarixində qurultay keçirildi: 

- Bildiyiniz kimi, sədrliyə iki namizəd irəli sürülmüşdü, mənim və Şəfiqə xanımın namizədliyi. Kvorum olmamasına baxmayaraq üzvlər təkid etdilər və dedilər ki, seçki keçirilməli və biz mövqeyimizi ortaya qoymalıyıq. Konfrans keçirildi və üzvlər mövqelərini ortaya qoydular. Lakin hüquqi cəhətdən çətin vəziyyət yaranıb və bu məsələ hüquqi çərçivədə həll ediləcək. Mənim üçün ən əsas təşkilatımızın birliyi, legitimliyi, uğurlarıdır. Düşünürəm ki, çox peşəkar bir şəraitində, mehribanlıq şəraitində bu məsələ həll edilib, üzvlərimiz üçün, İdarə Heyətimiz və Ədliyyə Nazirliyi üçün də məqbul həlli tapmalıyıq. Konfransın işini pozmağa cəhd edən, konfransa gəlmək istəyənlərə mane olan adamlar məsliyyət hiss etsinlər təşkilatımız qarşısında. Mən onların adını çəkmək istəmirəm hələ. Amma bilsinlər ki təcili addım atıb bu məsələni həll etmək lazımdır. Mən icraçı katib olaraq İdarə Heyətinin qərarını yerinə yetirdim. O üzvlər ki kvorumun olmasına qarşı tədbir gördülər, feyk informasiyalar verdilər, saxta imzalar atdırdılar, məsələn, xalq artisti Tariyel Qasımov da əslində heç bir imza atmadığını deyib. İmzalar saxta idi, ittihamlar saxta idi. İdarə Heyətinin bunu edən o üzvləri məsuliyyəti dərk edib üzvlərimiz üçün, dövlətimiz üçün məqbul həlli qəbul etməlidirlər. Mən təşkilatımızın birliyni, legitimlyini hər şeydən üstün tuturam. İdarə Heyətinin bütün digər üzvləri, İttifaqın üzvləri, hətta üzv olmayanlar da görülən işləri, mənim işimi müsbət qiymətləndirirlər. Hətta qurultayda iştirak etməyənlər də. Mən təklif edirəm, belə bir situasiyanı necə yaradıblarsa, eləcə də təcili həll etsinlər. İttifaq üzvlərinin mövqeyi göz önündədir. Məsələ həll olunmazsa təşkitamız zərbə altında qala bilər. Kinomuzun inkişafı, mədəniyyətimizin güclənməsi, tanınması ən üstdə, bütün ambisiyalardan yüksəkdə durmalıdır. Məsələnin həllinin hüquqi yolları var. Hazırda hüquqşünaslar bunu müzakirə edir, bir neçə variant üzərində müzakirə aparılır. İnanram ki, hamı üçün məqbul həll tapılacaq.