İşğaldan azad olunmuş ərazilərimizdə aparılan tikinti-bərpa işlərində çalışanların əmək haqqının gecikdirilməsi ilə bağlı sosial şəbəkələrdə son zamanlar vaxtaşırı məlumatlar, video-görüntülər paylaşılır. Müxtəlif bölgələrdən Qarabağa işləməyə gedənlər əmək haqqlarının aylarla gecikdirildiyini bildirir. Qarabağda fəaliyyət göstərən “Bəyaz İnşaat”ın rəhbərliyindən şikayət edən bir qrup işçi bu günlərdə video müraciət hazırlayaraq sosial mediada paylaşıb. Fəhlələr onlara vəd edilən əmək haqqının ödənmədiyini, hər dəfə də ödəmə müddətinin uzadıldığını bildirir.
Müstəqil J-urnalistlərə Hüquqi və Texniki Yardım İctimai Birliyinin sədri, əslən Ağdamdan olan tədqiqatçı jurnalist Asəf Quliyev “Sherg.az”a açıqlamasında işğaldan azad olunmuş ərazilərdə baş verən bu cür hallardan təəssüfləndiyini bildirdi:
- İşğaldan azad olunmuş ərazilərdə baş verən neqativ hallarla bağlı sosial şəbəkələrdə vaxtaşırı xəbərlər, video görüntülər yayılır. Sözsüz ki bunlar xoşagəlməz hallardır, belə hallara yol verilməməlidir. Amma bu faktlar var və sosial şəbəkələrə yol tapır. İşçinin əmək haqqı niyə ödənməməlidir, səbəb hər nədirsə, bunun qarşısı alınmalıdır. İnsanlar Qarabağda işləməyə həvəslidir, müxtəlif bölgələrdən gəlirlər, çalışırlar. Bu, bir çoxları üçün qazanc yeridir, ailələrinə çörək aparırlar, həm də işğaldan azad edilmiş ərazilərimizin dirçəlməsi, aparılan tikintilərin qısa zamanda başa çatmasına dəstək vermiş olurlar. Çalışanları incitmək, incik salmaq olmaz. Görürük ki, vəzifədə olduğu müddətdə, fəaliyyəti zamanı neqativ hallara yol vermiş şəxslərə qarşı dövlət strukturları tərəfindən müəyyən tədbirlər görülür, vəzifədən kənarlaşdırılan, hətta cinayət məsulyyətinə cəlb edilənlər də olur. Yaxşı olardı ki neqativ halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülsün. Qabaqlayıcı tədbir elementlərindən biri işğadan azad olunmuş ərazilərdə vətəndaş nəzarətinin təmin olunmasıdır. Cənab Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, ictimai nəzarət güclənməlidir. İctimai nəzarətin iki əsas istiqaməti var ki bunlardan biri qeyri-hökumət təşkulatları, biri də müstəqil mediadır. Bu gün Qarabağda fəaliyyət göstərən müstəqil media orqanı yoxdur, təəssüf ki. Hər hansı bir tədbir, konfrans, forum keçirilərkən və ya tikinti, quruculuq işlərini işqılandırmaq lazım gələndə müxtəlif telekanalların, portalların əməkdaşları ora ezam olunur, süjet hazılanır və ictimaiyyətə təqdim olunur. Amma yaxşı olardı ki birbaşa Qarabağda fəaliyyət göstərəcək müstəqil media strukturları yaradılsın, bu operativlik və obyektivlik baxımından məsələyə daha düzgün yanaşma olardı. QHT-lərin fəaiyyəti üçün də orada yaşayıb, orada da fəaliyyət göstərəcək şəxslərə imkan yaradılmalıdır. Bu, daha düzgün olar və ictimai nəzarət təmin edilmiş olar. QHT-lərə Dövlət Dəstəyi Agentliyi müəyyən tədbirlər həyata keçirir, QHT-lər işğaldan azad edilmiş ərazilərdə layihələr icra etməyə təşviq olunur. Amma bir var layihə müyyən müddət ərzində icra olunsun, sonra bitsin, bir də var, o ərazilərdə daimi fəaliyyət göstərəcək qeyir-hökumət təşkilatları və media orqanı olsun. Hesab edirəm ki, bu, vətəndaş nəzarətini, ictimai nəzarəti təmin etmək üçün daha optimal yoldur. Belə olarsa neqativ halların qarşısı daha effektiv alınar.