Ərdoğan BMT Təhlükəsizlik Şurasında veto hüququnun ləğvini təklif edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-də islahatların aparılmasını, Təhlükəsizlik Şurasında veto hüququnun və daimi üzvlük institutunun ləğv edilməsini təklif edib.

Sherg.az xəbər verir ki, Ərdoğan bu barədə fikirlərini açıqlayıb. Onun sözlərini Bloomberg yayıb.

Türkiyə liderinin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının mövcud strukturu İkinci Dünya müharibəsi dövründən qalan yanaşmanı əks etdirir və yenilənməyə ehtiyac var.

Ərdoğan Təhlükəsizlik Şurasında təmsilçiliyin genişləndirilməsini, rəhbərliyin daha ədalətli bölüşdürülməsini və müxtəlif regionların mövqelərinin nəzərə alınmasını təklif edib.

O, həmçinin BMT Baş Assambleyası çərçivəsində elə bir mexanizmin yaradılmasını təklif edib ki, heç bir dövlət beynəlxalq ictimaiyyətin əksəriyyətinin iradəsinə daim mane olmaq imkanına malik olmasın.

Qeyd edək ki, Ərdoğan son illərdə BMT Təhlükəsizlik Şurasının hazırkı quruluşunu dəfələrlə tənqid edib və “Dünya beşdən böyükdür” şüarı ilə təşkilatda islahatlara çağırışlar səsləndirib.