Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması tamamlanmayıb

Qarabağda və Şərqi Zəngəzurda yerləşən 130 abidənin inventarlaşdırılması hələ başa çatmayıb.

Teleqraf xəbər verir ki, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın dördüncü günündə çıxışında deyib.

O bildirib ki, bunun əsas səbəbi isə ərazinin hələ də minalarla çirklənmiş olmasıdır.

Onun sözlərinə görə, 2020-ci il noyabrın 3-dən etibarən işğaldan azad olunmuş ərazilərdəki 749 abidədən 575-də inventarlaşdırma işləri aparılıb:

"İnventarlaşdırma aparılan abidələrdən 196-sı Şuşa şəhərində yerləşir. İnventarlaşdırma zamanı çöl tədqiqatları aparılıb, abidələrin rəqəmsal xəritələri hazırlanıb, fotoşəkilləri çəkilib və dron vasitəsilə görüntüləri qeydə alınıb. Eyni zamanda, arxiv sənədləri və digər mənbələr də araşdırılıb. Monitorinqlər göstərib ki, işğal dövründə mədəni irsimizə ciddi ziyan vurulub, abidələr dağıntı və vandalizmə məruz qalıb. Ümumilikdə, işğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb. Lakin Qarabağ və Şərqi Zəngəzur ərazisindəki abidələrin sayı bundan qat-qat çoxdur. Abidələrdən 115-i genişmiqyaslı dağıntılara məruz qalıb, digərləri isə müxtəlif dərəcədə zədələnib. Hazırda 434 abidəyə dəymiş ümumi maddi ziyanın məbləği 700 milyon 154 min manat qiymətləndirilir. Konkret olaraq, işğaldan azad edilmiş ərazilərdə dövlət qeydiyyatında olan 9 türbə, 3 qəbiristanlıq və 7 məscid tamamilə dağıdılıb. Daha 25 məscid, 14 türbə və 2 sərdabə isə müxtəlif dərəcədə zərər görüb".

S. Hacıyeva vurğulayıb ki, genişmiqyaslı humanitar minasızlaşdırma ilə başlayaraq, Azərbaycan yenidənqurmaya insanmərkəzli və mədəniyyətmərkəzli yanaşma tətbiq edib:

"Tarixi abidələr bərpa olunur, mədəniyyət müəssisələri yenidən açılır, ağıllı kəndlər və müasir şəhərlər meydana gəlir, yaşıl enerji infrastrukturu genişlənir və köçkün icmalar öz evlərinə qayıdırlar. Çünki Qarabağa və Şərqi Zəngəzura qayıtmaq yalnız oraya işıq gətirmək demək deyil. Bu, insanların özlərini öz evlərində və özününkü kimi qəbul etdikləri bütün abidələrin əhatəsində hiss etmələri deməkdir".