Ekoloq: Yağışların intensivləşməsi iqlimdə baş verən dəyişikliklərin təzhahürüdü

Ötən gün isti hava şəraitində birdən-birə ətrafa yayılan ağ dumana bənzər bulud özü ilə birgə dolu gətirib. Maraqlısı isə odur ki, Bakıda aralarındakı məsafə qısa olan ərazilərin bir hissəsində yağış yağdığı halda, digər hissələrində dolu müşahidə olunub. Qısa müddət ərzində bəzi ərazilər su altında qalıb. Metronun "28 May" stansiyasının qarşısında əməlli-başlı gölməçə meydana gəlib. Azərbaycan xalqı, rayonlarda sel və dolu hadisələrinə alışıb. Lakin Bakıda isti hava şəraiti davam edərkən qəfil dolu düşməsi təəccüb doğurub. Artıq iqlim dəyişikliyi ucbatından hansı fəsildə olduğumuzu da unutmağa başlayırıq. Məsələnin ciddiliyi Prezident İlham Əliyevin diqqət mərkəzinə çevrilib. O, may ayında Bakıda bu cür yağışların yağdığını xatırlamadığını açıqlayıb.

Bəs hansı amillər iqlim dəyişikliyinin sürətlənməsini tətikləyir?

Mövzu ilə bağlı ekoloq Sadiq Həsənov Sherg.az-a bildirib ki, yağışların intensivləşməsi və may ayına uyğun olmayan hava temperaturu, iqlimdə baş verən dəyişikliklərin təzhahürüdür:

“Beynəlxalq institutlar tərəfindən qlobal iqlim temperaturunun 1,5°C həddinə yaxınlaşdığı təsdiqlənib. Temperatur artmağa davam edir. Davamlı artım soyuq və isti tektonların hərəkətə gəlməsinə səbəb olub. Onlar əvvəlki illərlə müqayisədə kifayət qədər aktivləşiblər. Şimal bölgələrində mövcud olan soyuq tektonlar ilə Ərəbistan yarımadası istiqamətindən daxil olan isti tektonların qarşılaşması nəticəsində atmosferdə kəskin dəyişikliklər baş verib. Bu toqquşma yağıntı, külək kimi meteoroloji hadisələrin güclənməsinə gətirib çıxarır. İqlim dəyişikliyi, Dağıstan, İran, Türkiyə və Azərbaycanda yağışların normadan artıq yağması ilə müşahidə edilir”. 

Ekoloq, iqlim dəyişikliyini dərinləşdirən səbəblərə toxunub:

“Elm və texnalogiyanın inkişafı yanacaq istehsalını artırıb. 10 il geri qayıtsaq görərik ki, bir günə 85 milyon barel neft istehlak olunurdu. Hazırda bu rəqəm 105 milyon barelə çatıb. Yanacağın həddindən artıq istifadəsi, havada karbon qazı (CO₂), karbonmonoksid (CO), azot oksidləri və kükürd birləşmələrinin miqdarının artmasına səbəb olur. BMT-nin son hesabatlarına görə, karbonmonoksidin miqdarı 1900-cü illərdə 3-5 milyard olduğu halda, hazırda 37 milyarda yüksəlib. Əslində karbon qazı bitkilərin fotosintezində mühüm rol oynayır. Lakin onun miqdarı çox olduqda, Yer səthindən qayıdıb gələn istini tutub saxlayaraq, atmosferin yuxarı qatlarına keçməsinə mane olur. Prosesin elmi adı “istixana effekti” adlanır”.

S.Həsənov qeyd edib ki, metan qazı karbondan təxminən 21 dəfə daha çox istiləşməyə yol açır:

“Metan qazı əsasən neft-qaz hasilatı, kənd təsərrüfatında fermentasiya prosesi zamanı formalaşır. Azot oksidləri isə avtomobil mühərriklərində (xüsusilə benzin və dizel yanarkən) əmələ gəlir. Bu üç qazdan həddindən artıq istifadə, iqlim dəyişikliyini tətikləyir. Problemin qarşısını almaq üçün yanacaq istehsalı və istifadəsi azaldılmalı, bərpa olunan enerji mənbələrinə (günəş və külək enerjisi) və nəqliyyat sektorunda elektrik avtomobillərinə sürətli keçid həyata keçirilməlidir. Əks halda, proqnozlara əsasən, 2070-ci illərə doğru qlobal orta temperaturun 3,5-4°C artacağı gözlənilir”.