Zorakılığın səbəblərini araşdırmadan nəticə əldə edə bilməyəcəyik - Mehriban Zeynalova

  • “Harda nəyi gördüksə, kor-koranə tətbiq etməyək”
  • “Ailəni, yaşayışı, hətta qonşularla münasibəti də araşdırmaq lazımdır”

Zorakılığa təkcə qadınlar deyil, kişilər də məruz qalır. Söhbət məişət zorakılığından, ailədə həyat yoldaşlarının bir-birinə münasibətindən, həmçinin cütlüklər arasındakı münasibətdən gedir. Amma nə üçünsə məişət zorakılığı dedikdə, ilk ağla gəən qadınların zorakılığa məruz qalması fikri yaranır.

Bu, yəqin ona görədir ki, zorakılığa kişilərə nisbətən qadınlar daha çox məruz qalır. Belə çıxır ki, “zorakı insan” ifadəsi əsasən kişilərə aiddir? Psixoloqlar bu mövzuda adətən insanın uşaq yaşlarından valideynləri və ya cəmiyyət tərəfindən zorakılığa məruz qalmasını, sevgi, mərhəmət, şəfqət görməməsiylə əlaqələndirirlər.  

“Təmiz dünya” Qadınlara yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab edir ki, burada milli davranış kodlarının nəzərə alınması əsasdır. M.Zeynalova Sherg.az-a açıqlamasında bu barədə fikirlərini bildirdi: 

- Necə olur ki, doğuluşundan hörmət, ehtiram, sevgi, qayğı, diqqət, azadlıq verilən oğlan (kişi) sonradan zorakı şəxsə çevilir? Psixoloqlar iddia edir ki, zamanında qeyri insani münasibətlə üzləşən kişilər zorakılığa meylli olur. O halda, doğuluşundan ayrı seçkiliyə məruz qalan qız (qadın) niyə zorakı olmur? Məncə, bu sual ətrafında düşünməliyik. Hesab edirəm ki, hansısa reabilitasiya proqramlarını tətbiq edəndə, ölkənin mədəni, milli davranış kodlarının nəzərə alınması vacibdir. Harda nəyi gördüksə kor koranə onu insanların üzərində tətbiq etməyək. Hər dəfə də deyirəm, ki, zorakılıqla mübarizə cinslərin hər hansı birini gözümçıxdıya salmaqla yox, onun ailə mühitini, yaşayışını, münasibətləri, hətta qonşularla münasibətini belə müəyyənləşdirib sonra reabilitasiya proqramını qurmaq daha effektiv ola bilər. Bu amillər öyrənilmədən, zorakılığı yaradan səbəb və əsaslar araşdırılmadan hər kəsə eyni proqramı tətbiq etmək düzgün deyil. Bununla istədiyimiz nəticəyə nail ola bilməyəcəyik.