“Yağıntıların artımı Naxçıvanda su ehtiyatlarını yaxşılaşdıracaq” - Ənvər Əliyev

"Ehtimal olunur ki, yaxın 5-10 il ərzində yağıntıların, qar ehtiyatının və yerüstü su mənbələrinin artımı davam edəcək"

"İçməli su təchizatı sistemlərinin təkmilləşdirilməsi, suvarma infrastrukturunun yenilənməsi və su anbarlarının səmərəli istifadəsi region üçün vacib məsələlərdəndir"

Naxçıvan bölgəsində su təminatı məsələləri uzun illərdən bəri aktual problem olaraq qalır.

Bu istiqamətdə mühüm addım olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair Sərəncam imzalayıb. Sərəncama əsasən, əhalisi 80 min nəfərdən çox olan 38 yaşayış məntəqəsində 40 ədəd subartezian quyusunun layihə-smeta sənədlərinin hazırlanması, qazılması və əhalinin içməli su ilə təmin olunması üçün müvafiq tədbirlərin həyata keçirməsi planlaşdırılır.

Bu addım regionda su təminatının yaxşılaşdırılması istiqamətində atılmış əhəmiyyətli tədbir kimi qiymətləndirilir.

Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ənvər Əliyev Sherg.az-a Naxçıvanda hazırda müəyyən su problemlərinin mövcud olduğunu söyləyib:

"Xüsusilə dağlıq ərazilərdə yerləşən bəzi kəndlərdə içməli və suvarma suyu çatışmazlığı hiss olunur. Su əsasən Araz su qovşağından götürülür, müəyyən hissəsi əkin sahələrinin suvarılmasına yönəldilir.

Son bir ildə yağıntının 40 faizdən çox artdığı qeyd olunur. Bu da əvvəlki illərlə müqayisədə quraqlıq dövrünün tədricən geridə qaldığını göstərir. Ehtimal olunur ki, yaxın 5-10 il ərzində yağıntıların, qar ehtiyatının və yerüstü su mənbələrinin artımı davam edəcək. Əgər bu tendensiya qorunarsa, Naxçıvanda su ehtiyatları tədricən yaxşılaşa bilər. Bu, yalnız içməli su təminatına deyil, həm də suvarma, heyvandarlıq və digər təsərrüfat sahələrinə müsbət təsir göstərəcək".

Ekspert Naxçıvanın iqlim baxımından kəskin kontinental zonada yerləşdiyini deyib:

"Naxçıvanın yayı çox isti, qışı isə soyuq keçir. Bu səbəbdən su ehtiyatlarının düzgün idarə olunması xüsusi əhəmiyyət daşıyır. İçməli su təchizatı sistemlərinin təkmilləşdirilməsi, suvarma infrastrukturunun yenilənməsi və su anbarlarının səmərəli istifadəsi region üçün vacib məsələlərdəndir.

Ümumilikdə, son dövrdə görülən işlər təqdirəlayiqdir. Əvvəllər daha kəskin olan su problemi tədricən azalmaqdadır. Düzgün planlaşdırma ilə gələcəkdə vəziyyətin daha da yaxşılaşacağı gözlənilir".