20 il əvvəlki arzu gerçək oldu: Bakı çempionatından Avropa ZİRVƏSİNƏ!

Azərbaycanın minifutbol üzrə milli yığma komandası növbəti uğurunu qazanaraq ikinci dəfə Avropa çempionu oldu, bu mötəbər yarışda ölkəmizin başını uca etdi, üçrəngli bayrağımızı qürurla dalğalandırdı. Bütün çempionat boyu əzəmətli Dövlət Himnimizin səslənməsi ürəyimizi dağa döndərdi!

Həqiqətən də milli olan komandamızın heyətində hələ uşaq ikən Bakı Futbol Federasiyasının təşkilatçıllığı ilə keçirilən “Sabahın Ulduzları” paytaxt çempionatlarında oynaya-oynaya yetişib inkişaf etmiş futbolçuları da görəndə ikiqat sevinc hissi yaşadıq. Onlardan biri də Ruzigar İbrahimzadədir.

 “Sabahın Ulduzları” Bakı çempionatı Ruzigar üçün ilk iştirak etdiyi rəsmi yarış olub. 2006-cı ildə məşqçisi (Roman Cəfərov) onu tədricən açılışması üçün oyunun son dəqiqələrində meydana buraxırdı. Bəzən heç ayağına top da dəymirdi. 2007-ci il mövsümündə isə Ruzigar artıq “İnter”in əsas heyətində möhkəmlənmişdi. 10 yaşlı Ruzigar həmin il ilk dəfə qızıl medalla mükafatlandırıldı, “Bakı Kuboku”nu başı üzərinə qaldırdı. Növbəti çempionatlarımızda isə meydana kapitan kimi çıxdı, “Ən yaxşı oyunçu” seçildi...

20 il əvvəl “Sabahın Ulduzları” Bakı çempionatlarında götürülmüş uğurlu startla Avropa çempionluğu zirvəsinə yüksələn Eşqin Tağıyevi, Ağaseyid Qasımovu, Ruzigar İbrahimzadəni - minifutbol millimizin bütün üzvlərini ürəkdən təbrik edir, yeni-yeni qələbələr arzulayırıq!

Uğurlarınız bol olsun!

Mahir Süleymanov