FİFA kommersiya hüquqlarının bir hissəsinin satılması ilə bağlı planından imtina edib. Bu barədə qurumun prezidenti Canni İnfantino "Sky News" telekanalına açıqlamasında bildirib.
Sherg.az xəbər verir ki, İnfantinonun sözlərinə görə, layihə ətrafında yaranan fikir ayrılıqları səbəbindən onun həyata keçirilməsi artıq ilkin məqsədə uyğun hesab edilməyib.
Qeyd edək ki, FİFA bir neçə gün əvvəl yeni yaradılan FIFA Forward Enterprise kommersiya strukturunun təxminən 20 faiz səhminin satışı hesabına 4,2 milyard dollara qədər vəsait cəlb etməyi planlaşdırırdı. Şirkətin bazar dəyəri 20 milyard dollar qiymətləndirilirdi.
Mediada yayılan məlumata görə, layihədə ABŞ-ın Thrive Capital investisiya şirkətinin iştirakı, JPMorgan bankının isə məsləhətçi qismində çıxış etməsi nəzərdə tutulurdu.
Təşəbbüs futbol qurumlarının ciddi etirazı ilə qarşılanmışdı. Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (KONKAKAF) layihəni tənqid etmiş, UEFA isə FİFA-nın himayəsi altında keçirilən turnirləri boykot edəcəyini açıqlamışdı. Asiya Futbol Konfederasiyası (AFC) layihənin əvvəlcədən müzakirə edilmədən ictimaiyyətə təqdim olunmasından narazılığını bildirmiş, Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) isə kommersiya maraqlarının idman dəyərlərindən üstün tutulmasına qarşı olduğunu bəyan etmişdi.