Messidən atasına duyğusal vida: “Sənsiz necə davam edəcəyimi bilmirəm"

Lionel Messi uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edən atası Xorxe Messi üçün duyğusal məktub yazıb. O, atasının həyatının son dövründən, Dünya Çempionatı prosesindən və birlikdə keçirdikləri illərdən danışıb. Messiyə həmkarı və rəqibi Kriştiano Ronaldodan da dəstək mesajı gəlib.

Sherg.az xəbər verir ki, Argentina millisinin ulduzu Lionel Messi vəfat edən atası Xorxe Messi ilə bağlı sosial media hesabında duyğusal vida mesajı paylaşıb. Futbola daha nə qədər davam edəcəyinə dair ciddi şübhələrinin olduğunu da açıqlayıb.

Messi Instagram hesabında paylaşdığı mesajda atasına müraciətlə yazıb:

“Ata, getdiyinə hələ də inana bilmirəm. Reallığı hələ tam dərk edə bilmirəm. Daha doğrusu, bunu qəbul etmək istəmirəm. Səni bir daha heç vaxt görə bilməyəcəyimi, bir daha danışa bilməyəcəyimizi təsəvvür etmək mənim üçün çox çətindir. Əzab çəkdiyini və bunun sənin üçün ən yaxşısı olduğunu bilirəm, amma bizi çox tez tərk etdin. Birlikdə yaşayacağımız çox şey var idi.”

Messi atasının ondan daha bir Dünya Çempionatında oynamağını istədiyini bildirib:

“Məndən sonuncu Dünya Çempionatında oynamağımı istəyib dururdun. Vəziyyətinin pisləşməsi də turnirin başlamasına bir neçə gün qalmışa təsadüf etdi. Bu, turnirdə yanımda olmayacağın ilk dəfə idi. Hər oyundan sonra səndən gələcək mesajı gözləyir və yoxluğunu hiss edirdim. O zaman vəziyyətinin həqiqətən nə qədər ciddi olduğunu anladım.”

Təcrübəli futbolçu atası üçün Dünya Çempionatını bir daha qazanmaq naminə fiziki imkanlarının son həddinə qədər mübarizə apardığını qeyd edib:

“Finala çatdıq, amma sən orada ola bilmədin. Kuboku qazanıb onu sənə aparmağı və sənə bir kubok da göstərməyi çox istəyirdim. Bacarmadım. Ayaqlarım artıq buna imkan vermirdi. Fiziki baxımdan özümü heç cür tam yaxşı hiss edə bilmirdim. Mən qayıdanda sən finalı penaltilərlə uduzduğumuzu düşünürdün. Baş verənlər barədə heç nə danışa bilmədik. Heç birinin sevincini yaşaya bilmədin. Çempion ola bilmədik, amma hər oyundan nə qədər böyük zövq aldığımızı təsəvvür belə edə bilməzsən. Yenə haqlı idin; orada olmalı və oynamalı idim.”

Messi atasının vəfatından sonra futbola davam edib-etməyəcəyi ilə bağlı da ciddi suallarının yarandığını bildirib:

“Sənsiz nə edəcəyimi bilmirəm. Necə davam edəcəyimi bilmirəm. Həyatım boyu etdiyim yeganə şey futbol oynamaq olub. İndi isə buna daha nə qədər davam edəcəyimlə bağlı ciddi şübhələrim var. Əvvəldən yanımda idin və yolun sonuna çox az qalmışdı. Niyə bir az da dözə bilmədin ki, bu prosesi birlikdə başa vuraq?”

Messi atasını həmişə yanında hiss edəcəyini vurğulayıb:

“Sənin üçün çox darıxacağam, amma həmişə yanımda olacaqsan, xüsusilə də uşaqlarımı böyüdərkən. Çünki onlara sənin və anamın məni böyütdüyü kimi yol göstərir və onları eyni şəkildə böyüdürəm. Rahat uyu və həyatda etdiyin kimi yuxarıdan bizi izlə. Hər şey üçün təşəkkür edirəm.”