"Sabah"ın prezidenti: İspaniya ilə oynasaq belə, Azərbaycan millisindən qələbə gözləyəcəyəm

"Azərbaycan millisindən gözləntilər həmişə qələbədir. Başqa gözlənti ola bilməz. Fərqi yoxdur, biz İspaniya millisi ilə də oynasaq, gözləyəcəyəm ki, bir möcüzə olacaq və biz İspaniyaya qalib gələcəyik”.

Bu sözləri Teleqraf-a açıqlamasında “Sabah” klubunun prezidenti Maqsud Adıgözəlov deyib.

Klub rəhbəri UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün keçiriləcək Azərbaycan - Lixtenşteyn oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Komandamızda əksəriyyət yığmanın heyətindədir. Düzdür, bu futboldur, nə olacağını heç kim bilmir. Amma yığma Litva ilə ilk oyunda göstərdi ki, əsas rəqibimiz, məncə, məhz Litva olacaq. Futbolçularımız yaxşı oynayırlar. Qol epizodlarımız, imkanlarımız var idi. Təəssüf ki, bunlardan lazımınca istifadə edə bilmədik. Amma mənə elə gəlir ki, qrupu birinci yerdə başa vuracağıq”.

Qeyd edək ki, Azərbaycan – Lixtenşteyn qarşılaşması bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.