Beynəlxalq Futbol Federasiyasının (FİFA) hazırkı prezidenti Canni İnfantinonun əleyhdarları Londonun “Arsenal” klubunun sabiq baş məşqçisi Arsen Vengeri təşkilata rəhbərlik uğrunda seçkilərdə iştirak etməyə razı salmaq istəyirlər.
Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, İnfantinonun rəqibləri 76 yaşlı fransalı mütəxəssisin 2027-ci ilin martında keçiriləcək FİFA prezident seçkilərində namizədliyini irəli sürməsinə çalışırlar.
Seçkilər Mərakeşdə baş tutacaq. Namizədlərin müraciət etməsi üçün son tarix noyabrın 18-i müəyyənləşdirilib.
Hazırda Venger FİFA-nın qlobal futbol inkişafı üzrə rəhbəri vəzifəsində çalışır.
Məlumata görə, FİFA prezidentliyinə potensial namizədlərdən biri hesab edilən Şimali və Mərkəzi Amerika, eləcə də Karib Hövzəsi Futbol Konfederasiyasının (KONKAKAF) prezidenti Viktor Montalyani seçkilərdə iştirak etməyi planlaşdırmır.
Qeyd edək ki, 56 yaşlı Canni İnfantino 2016-cı ilin fevralında keçirilən növbədənkənar konqresdə FİFA prezidenti seçilib. Daha sonra o, iki dəfə alternativsiz əsasda yenidən bu vəzifəyə seçilib.
Arsen Venger isə 1996–2018-ci illərdə “Arsenal”ın baş məşqçisi olub. Onun rəhbərliyi altında London klubu üç dəfə İngiltərə çempionu adını qazanıb, yeddi dəfə ölkə kubokunun və yeddi dəfə İngiltərə Superkubokunun qalibi olub. Komanda həmçinin UEFA Çempionlar Liqası və UEFA Kubokunun finalına yüksəlib.
Fransalı mütəxəssis karyerası ərzində Yaponiyanın “Naqoya”, Fransanın “Nansi” və “Monako” klublarını da çalışdırıb. O, “Monako” ilə Fransa çempionluğunu və ölkə kubokunu qazanıb.