Rusiya 4 günlük iş həftəsinə keçə bilməyəcək : Reallıqdan uzaqdır


3 gün istirahət üçün maliyyə imkanı olmalıdır





4 günlük iş rejiminə keçid müzakirə olunur. Avropanın bəzi ölkələrində, həmçinin Rusiyada 4 günlük iş həftəsi haqda düşünməyə başlayıblar. Rusiya baş naziri Dmitri Medvedyev gələcəkdə əmək müqavilələrində belə iş rejiminin əksini tapacağını bildirib. O, beynəlxalq əmək konfransında çıxış edərkən deyib ki,  texnologiyanın inkişafı nəinki iş yerlərinin, həmçinin, iş saatlarının ixtisarına gətirib çıxarır. Asudə vaxt çoxalacaq. Çox mümkündür ki, gələcəkdə əmək müqavilələrində 4 günlük iş qrafiki nəzərdə tutulsun. Bunu həm də insanların özlərinə və ailələrinə daha çox zaman ayıra bilməsi, işsizlik səviyyəsinin azaldılması məqsədilə ediləcəyi bildirilir. Əhali arasında aparılan sorğu nəticəsində isə məlum olub ki, sakinlərin 43 faizi həftədə 4 gün işləmək sisteminə qarşıdır. Əhali həftənin 4 günü işləyəcəyi halda əmək haqlarının azalmasından qorxur.

Lakin Rusiya dövləti əhalinin 4 həftəlik iş sistemində də mövcud maaşları saxlamağı hədəfləyir. İşverənlərin və işləyənlərin uyğunlaşması üçün yeni sistemə keçid mərhələli şəkildə həyata keçiriləcək. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiya Federasiyası Müstəqil Həmkarlar İttifaqının bu təklifi nəzərdən keçirilmir: ”Biz bilirik ki, onlar müxtəlif təkliflərlə çıxış edir, təşəbbüs göstərirlər, amma hələ ki Kreml bunlara reaksiya vermir”. Rusiyanın Əmək Nazirliyindən isə bildiriblər ki, Əmək Məcəlləsi ilə iş həftəsi 40 saat müəyyən edilib və məcəllədə dəyişiklik gözlənilmir.
4 günlük iş həftəsinə keçid ümumiyyətlə mümkündürmü və Azərbaycan da bu sistemə keçə bilərmi?

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı “Şərq”ə açıqlamasında bildirdi ki, dünya praktikasında oxşar hala rast gəlməyib:
Ən çox Avropa ölkələrinə səfərlərim olur, ABŞ-ın əmək məcəlləsi ilə də tanışam, 4 günlük iş həftəsinin haradasa mövcud olduğunu görməmişəm. Avropada insanlar həftənin 5 günü işləyir, 5-ci gündən də şənbə və bazar gününü necə istirahət edəcəklərini, harada dincələcəklərini planlaşdırırlar. Rusiyada ortaya atılan 4 günlük iş həftəsi məsələsi reallıqdan uzaqdır. Rusiyada hazırda işsizlikdir. Çox da deyirlər ki, 4 günlük iş həftəsində də  əmək haqqı olduğu kimi qalacaq. Bəlkə ilk vaxtlar belə olacaq, lakin zaman keçdikcə, yavaş-yavaş əmək haqlarını azaldacaqlar ki, az işləyirsiniz. Bunun əvəzinə başqa işçilərlə əmək müqaviləsi bağlanacaq ki, işsizlik heç olmasa müəyyən qədər kompensasiya edilsin. Həftənin 3 günü istirahət edən insanın öncə bunun üçün maliyyə imkanları olmalıdır. Əmək haqqı yüksək, istehlak səbətini ödəyəcək səviyyədə olsa, inandırıcı görünər. Amma əmək haqqı minimumdursa və iş həftəsi də 4 günlüyə keçirilirsə, bunun əhaliyə nə xeyri.
Mirvari Qəhrəmanlı bildirdi ki, 4 günlük iş həftəsini tətbiq etmək asan məsələ deyil:

Təhsil müəssisələri, ali məktəblər, orta məktəblər var, büdcədən maliyyələşən təşkilatlar var, bunlar hamısı böyük bir sistemdir. Bəlkə həqiqətən də 4 günlük iş həftəsi əmək müqaviləsinin şərtlərinə əsasən tətbiq ediləcək. İşçi nə qədər işləyəcəksə, o qədər də əmək haqqı alacaq. Hər işçi istəyər ki, asudə vaxtı çox olsun, özünə, ailəsinə çox vaxt ayıra bilsin. Amma nəyin hesabına? Əmək haqqının azalmasının? Kim buna razı olar? Əmək haqqı yüksək olsa, bəli, hamı razılaşar. Rusiyalılar da, doğru olaraq narahatlıq keçirirlər. Çünki əmək haqlarının azalacağından ehtiyatlanırlar. Azərbaycanda isə hazırkı vəziyyətdə bu, mümkün görünmür. Əvvəlcə işsizliyin faizini azaltmaq və sosial layihələri gücləndirmək lazımdı.