Abşeron Rayon Polis İdarəsi Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib.
Report-un məlumatına görə, reyd Saray qəsəbəsi ərazisində təşkil edilib.
Keçirilən tədbir zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb, normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülər barədə qanunamüvafiq tədbirlər görülüb. Həmçinin bölmə əməkdaşları tərəfindən yol hərəkəti qaydalarına riayət olunması və avtomobillərin saz vəziyyətdə saxlanılması barədə sürücülərlə profilaktik söhbətlər aparılaraq, onlara hüquq və vəzifələri izah edilib.
Reyd zamanı 30-a yaxın avtomobil yoxlanışdan keçirilib. Bununla yanaşı reyd zamanı ciddi qayda pozuntularına yol verərək həm nəqliyyatın həm də piyadaların hərəkəti üçün təhlükə törədən, təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobilin konstruksiyasında dəyişiklik edən, eləcə də sənədsiz avtomobil idarə edən sürücülər saxlanaraq barələrində inzibati xəta haqqında protokol tərtib olunub.