Lisenziyasız dərmanları satanlar məsuliyyətə cəlb edilməlidirlər - AKTUAL PROBLEM

Əli Nağıyev: "Əhali arasında maarifləndirmə də aparılmalıdır ki, lisenziyasız dərman vasitələrini əldə etməsinlər"



Osman Gündüz: "Hansısa sayta reklam qoyulur və həmin sayt bu təhlükələrdən xəbərsiz ola bilər"



Son zamanlar bir çox saytlarda müxtəlif dərman preparatalarının reklamı genişlənib. Bunların içərisində xüsusilə arıqlayıcı çay və dərmanlar üstünlük təşkil edir. Diqqəti cəlb edən başlıqlar altında reklam olunan bu vasitələrin insanı arıqlatdığına dair müxtəlif vədlər verilir. Lakin həmin dərmanların müxtəlif xəstəliklərə səbəb olduğu və ölüm saçdığı çoxlarına bəlli deyil. Təəssüf ki, bəzən insanlar daha çox reklam olunan məhsullara doğru “qaçırlar”. Həmin şəxslər arıqlayacaqlarını ümid edərək saytlarda reklam olunan dərmanların müxtəlid xəstəliklərə və təhlükələrə yol açdığını bilmirlər. 

Oxşar durum Türkiyədə də müşahidə olunub. Amma artıq qardaş ölkə bunun qarşısını alır. Belə ki, Türkiyədə lisenziyasız dərman satışı və reklamı ilə məşğul olan 3,7 min sayta girişin bağlanacağı bildirilib. Ölkənin səhiyyə naziri Fəxrəddin Kocanın sözlərinə görə, saytlar ümumilikdə 6,3 milyon lirə məbləğində cərimələnib.

Nazir bildirib ki, bu saytlarda əsasən pəhriz məhsulları, eləcə də arıqlama vasitələri və həzmi yaxşılaşdırmaq üçün çaylar reklam olunur. Türkiyədə lisenziyasız dərmanların satışı və reklamı ilə mübarizə gücləndiriləcək.

Mövzu ətrafında fikirlərini Sherg.az-la bölüşən həkim-psixoterapevt Əli Nağıyev deyib ki, qanun insanın həyatına və sağlamlığına xidmət etməlidir. 

Onun sözlərinə görə, Türkiyədə belə dərmanların sağlamlıq üçün təhlükəli olduğu nəzərə alınaraq cərimələr tətbiq olunubsa və dövlət işə qarışıbsa, deməli ortada ciddi problem var:

“Saytların gələcəkdə milli genefonda zərər vurması, dərmanların reklam edilməsinin ciddi fəsadlara yol açmasına dair fikirlər var. Ümumiyyətlə dərman vasitələri iki yerə bölünür. Həkim resepti ilə yazılan və reseptsiz satılan dərmanlar. Düşünürəm ki, ölkəmizdə dərmanla bağlı Səhiyyə Nazirliyi və digər orqanlar tərəfindən lazım olan səviyyədə işlər aparılır. Bildiyim qədəri ilə, reseptsiz buraxılan dərmanlarla bağlı problem yoxdur. Amma nəzarətsiz qalan hissə qida əlavələri adı altında satılan vasitələrdir. Bu vasitələrin tam nəzarətə alınmama təhlükəsi var. Həmin məhsullar əyani şəkildə və real olaraq satılırsa, onlara nəzarət etmək daha asandır”. 

Həkimin qənaətincə, ölkəmizdə də saytlarda satılan dərmanlarla bağlı müxtəlif istiqamətlərdə tədbirlər aparılmalıdır:

“İdeya odur ki, dərmanlara nəzarət gücləndirilmiş vəziyyətdə olsun. Lakin düşünürəm ki, qida əlavələrinə nəzarət hələ də arzuolunan səviyyədə deyil. Qida əlavələri elədir ki, Səhiyyə Nazirliyi səviyyəsində və ya başqa formada yoxlamalara ehtiyac var. 

Məsələn, Amerikada “Food and drug administration” adlı təşkilat var. Yəni, qida və dərman administrasiyası. Ölkəmizdə də qidaya və dərman keyfiyyətinə nəzarət edən təşkilat olsa, istənilən sayt təşkilatın lisenziyası olmadan dərmanları reklam edə bilməz. Bu zaman daha yaxşı yanaşma olar. Sayt dərmanı təbliğ etmək istəyirsə, təşkilat lisenziyanı həmin sayta təqdim etməlidir. Həmçinin əhali arasında maarifləndirmə də aparılmalıdır ki, lisenziyasız dərman vasitələrini əldə etməsinlər”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirib ki, lisenziyasız dərmanların saytlarda və ya ümumiyyətlə reklamının getməsi qadağandır. Amma ilk növbədə dərmanların satışı həyata keçirənləri aşkarlamaq lazımdır:

“Reklam edilən dərmanlar arasında sağlamlıq üçün zərərli olanları da var. Məsələn, narkotik tərkibli və ya psixitrop maddələr reklam olunursa, bu ciddi təhlükə mənbəyidir. Məhsulların internetdə qanunsuz reklamı qadağandır. Saytlarda qeyd olunan ünvanlar üzrə tədbir görüb əməliyyatlar apararaq bu işlə məşğul olan qurumu tapmaq olar. Hansısa sayta reklam qoyulur və həmin sayt bu təhlükələrdən xəbərsiz ola bilər. Lakin əsas məsuliyyət dərmanların satışını təşkil edənlərə düşür. Hesab edirəm ki, dərmanların reklamı ilə məşğul olan saytlardan qabaq satışı həyata keçirən qurumu aşkar edib məsuliyyətə cəlb etmək lazımdır”.