ABŞ-də işsizlik ən yüksək səviyyəyə çatıb

Kənd təsərrüfatından kənar məşğulluq gözləntiləri üstələdi

Amerika Birləşmiş Ştatlarında kənd təsərrüfatından kənar məşğulluq noyabr ayında 64 min nəfər artaraq gözləntilərin üzərində reallaşıb. Bu dövrdə işsizlik səviyyəsi isə 4,6 faiz olub.

Sherg.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi noyabr ayına dair məşğulluq hesabatını açıqlayıb. Hesabata görə, ölkədə kənd təsərrüfatı xaricində fəaliyyət göstərən sektorlarda məşğulluq noyabrda 64 min nəfər artıb.

Bazar gözləntiləri bu göstəricinin 40 min nəfər artacağı istiqamətində idi. Oktyabr ayında isə məşğulluğun 105 min nəfər azaldığı hesablanmışdı.

Noyabr ayında məşğulluq səhiyyə xidmətləri və tikinti sektorlarında artıb, federal hökumət sektorunda isə azalma davam edib.

Kənd təsərrüfatından kənar məşğulluğa dair avqust və sentyabr aylarının göstəricilərinə aşağı istiqamətli düzəliş edilib. Belə ki, avqust ayı üzrə qeydə alınan azalma 4 mindən 26 minə yüksəldilib. Sentyabr ayı üzrə məşğulluq artımı isə 119 mindən 108 minə endirilib.

ABŞ-də işsizlik səviyyəsi noyabrda 4,6 faizə yüksələrək 2021-ci ilin sentyabrından bu yana ən yüksək səviyyəyə çatıb. Bazarların işsizliklə bağlı gözləntisi bu göstəricinin 4,5 faiz olacağı yönündə idi.

Ölkədə işsizlərin sayı noyabrda 7 milyon 831 min nəfər olaraq hesablanıb. İşçi qüvvəsində iştirak səviyyəsi isə 62,5 faiz təşkil edib.

Həftəlik orta iş saatı noyabrda 34,3-ə yüksəlib.

ABŞ Federal Ehtiyat Sisteminin diqqətlə izlədiyi orta saatlıq qazanc göstəricisi isə bu dövrdə aylıq əsasda 0,1 faiz, illik əsasda isə 3,5 faiz artaraq 36,86 dollara çatıb. Bazar gözləntiləri orta saatlıq qazancın noyabrda aylıq 0,3 faiz artacağı istiqamətində idi.

ABŞ-də oktyabr ayına dair məşğulluq hesabatı federal hökumətin maliyyə çatışmazlığı səbəbindən 1 oktyabr -12 noyabr tarixlərində fəaliyyətini dayandırması üzündən açıqlanmamışdı. Noyabr ayına dair hesabat da bu səbəbdən gecikdirilərək dərc olunub.