“Bakı şəhəri Nərimanov rayonunda yerləşən Atatürk parkında aparılan əsaslı təmir işləri yekunlaşıb”.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib. İ.Məmmədov qeyd edib ki, yenilənmiş park yaxın günlərdə sakinlərin istifadəsinə veriləcək.
Parkın adının dəyişdirilərək, “ASAN Park” adlandırılması məsələsinə gəlincə, İ.Kərimov ad dəyişikliyinin gündəmdə olmadığını vurğulayıb:
“Bu park böyük bir şəxsiyyətin–Türkiyə Respublikasının qurucusu və banisi Mustafa Kamal Atatürkün adını daşıyır. Eyni zamanda bu park Azərbaycan və Türkiyə respublikaları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində görülən işlərdən biridir”.
"İndiyə qədər parkdakı şərait istər ərazidə yaşayanları, burada istirahət edənləri, istərsə də parkdan keçənləri, bir sözlə heç kimi qane etməyib. Bununla əlaqədar vətəndaşlardan mütəmadi olaraq Bakı şəhər İcra Hakimiyyətinə müxtəlif xahiş və təkliflər ünvanlanıb. Həmin müraciətlər nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Nərimanov rayon İcra Hakimiyyəti ilə birlikdə Atatürk parkının tam şəkildə yenidən qurulması, abadlaşdırılmasını həyata keçirib. Layihəyə əsasən, parkın ən müasir standartlara uyğun şəkildə qurulub”,-İ.Kərimov bildirib.