Naşir kitab yarmarkasından razı qaldı: "Ədəbiyyata maraq artıb, alıcılar çoxalıb"

Sentyabrın 27-dən 29-na qədər Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı İdman Sarayında VI Beynəlxalq Bakı kitab sərgisi-yarmarkası keçirildi.

Sərgidə bir çox yazarların kitabları oxuculara təqdim olundu, müəlliflər tərəfindən imzalandı. Üç gün davam edən kitab yarmarkası ilə bağlı “Qanun” nəşriyyatının baş direktoru Şahbaz Xuduoğlunun fikirlərini öyrəndik.

Naşir Sherg.az-a açıqlamasında bu ilki sərginin əvvəlkilərdən fərqləndiyini söylədi.

Ş.Xuduoğlunun bildirdiyinə görə, VI Beynəlxalq Bakı kitab sərgisi-yarmarkasına gələnlərin sayı əvvəlki illərə nisbətən daha çox olub: 

"Bu sevindirici haldır. Alıcılar arasında gənclərin üstünlük təşkil etməsi onu göstərdi ki, yetişməkdə olan nəsil ədəbiyyata maraq göstərir. Qeyd edim ki, sərgiyə gələnlər sırasında həm keçmiş müştərilərimiz, həm də yeni alıcılar var idi. Xeyli sayda kitab satıldı. Hələ hansı kitabın daha çox satıldığı statistik cəhətdən məlum deyil. Əsas odur ki, kitaba marağın ölmədiyini, əksinə, daha çox artdığının şahidi olduq. Bu dəfəki kitab sərgisini fərqli edən cəhətlərdən biri də yarmarkanın keçirildiyi pavilyonun daha rahat olması idi. Arzulayıram ki, gələcəkdə də oxucular üçün keçirilən sərgi-yarmarkalar belə yaddaqalan olsun”.



“Qanun” rəhbəri əsəbiyyatın təbliğinin vacibliyini də qeyd etdi:

"Vətəndaşlar arasında ədəbiyyatı təbliğ etmək məqsədilə bəzi amilləri nəzərə almaq lazımdır. Doğrudur, Azərbaycanda kitab oxucularının sayı qənaətbəxş sayıla bilər. Lakin bunu daha çox artırmaq lazımdır, kitab sərgiləri hər il müntəzəm olaraq keçirilməlidir. Özü də təkcə paytaxtda yox, başqa bölgələrdə də təşkil edilməlidir. Həmçinin yarmarkaların keçirildiyi məkanlara diqqət etmək lazımdır. Yaxşı olar ki, kitab sərgiləri idman arenalarında yox, xüsusi EKSPRO mərkəzlərdə təşkil olunsun. Belədə, alıcıların rahatlığı da təmin olunar".

Kənan Novruzov