Bir qədər əvvəl SOCAR mühafizəçiləri ilə Qarabağ əlilləri arasında yaşanmış qarşıdurmada iştirak edənlərdən birinin əslində Qarabağ əlili olmadığı üzə çıxıb.
Bu barədə jurnalist Azər Həsrət sosial şəbəkədə məlumat yayıb.
“Bu videoya diqqət edin: ilk hissəsi 2017-ci ildə Suraxanıda çəkilib. Bu adam özü üçün ev tikir. Əli ayağı da yerindədir. Sap-sağlam, tir kimi oğlandır. Və ikinci hissəyə - SOCAR mühafizəçiləri ilə olan qarşıdurmaya diqqət! Yenə də mərkəzdə bu adamdır. Amma bu dəfə əlildir. Çəliklə gəzir. Hadisə 2019-cu ilə aiddir. Bəlli olur ki, belə adamlar qazi adından beləcə sui-istifadə edir. Ona görə də hüquq-mühafizə orqanlarının bu məsələni sonadək araşdırıb cəmiyyətə məlumat verməsini şəxsən bir vətəndaş kimi tələb edirəm. Niyə belə adamlar Qarabağ qazisi kimi müqəddəs addan sui-istifadə edir? Belələri doğrudanmı Vətən üçün vuruşub?” - Azər Həsrət qeyd edib.