Girovun oğlu Qızıl Xaça təşəkkür etdi: “Atamla mütəmadi maraqlanırlar”

“Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri girovlara baş çəkiblər və bununla bağlı bizə məlumat veriblər”.  Bunu Sherg.az-a açıqlamasında erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. 

K.Əsgərov bildirib ki, Komitə girovların saxlanma şəraitinin, sağlamlıq durumlarının normal olduğunu deyib: 

“Dediklərinə görə, elə də ciddi problemləri yoxdur. Mən Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarına inanıram və fəaliyyətlərinə hörmətlə yanaşıram. Yeganə təşkilatdır ki, atam Dilqəm Əsgərova illərdir baş çəkirlər və səhhətini yoxlayırlar. Vəziyyəti daim nəzarətdə saxlayırlar. Fürsətdən istifadə edib, BQXK-nin bütün kollektivinə şəxsim və ailəm adından təşəkkürümü bildirirəm. Artıq 6 ilə yaxındır ki, mütəmadi olaraq atama baş çəkirlər və onunla maraqlanırlar. Ona görə də Komitənin əməkdaşlarına etimad edirəm. Nümayəndələr girovlarla görüş baş tutduğu təqdirdə ailəmizin narahatlığını nəzərə alaraq, əvvəlcədən bizə zəng vururlar. Deyirlər ki, “narahat olmayın, Dilqəm Əsgərova baş çəkmişik, hər şey normaldır”. 

Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüb. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri ötən ilin sonu - dekabr ayında Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib: “Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın”.