Özəl daşıyıcılar sərnişinlərə yararsız avtobuslarla xidmət edirlər
“Uzun illərdir marşrutlarla bağlı faciəvi hadisələr baş verir, problemlər gündəmə gətirilir, sərt tənqid olunur, ancaq vəziyyət düzəlmir”.
Bunu “Şərq”ə açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlı deyib.
Ekspert bildirib ki, əsas problem özəl sərnişin daşıyıcılarındadır:
“Srağagün soyuq havada bir saat 205 nömrəli marşrutu gözlədim, amma gəlmədi. 120 nömrəli avtobuslar potensial ölüm mənbəyidir”
“Sərnişindaşıma strateji əhəmiyyətli, vacib sahədir və bu işlə dövlət məşğul olmalıdır. Dövlət balansında olan avtobuslarla özəl şirkətlərə məxsus daşıyıcılara nəzər salsaq, fərqi aydın görərik. Özəl daşıyıcılar qəzalı və yararsız avtobuslarla sərnişinlərə xidmət edirlər. İstədikləri vaxt yola düşürlər, yaxud yarım saat artıq gözləyirlər. Üstəlik, sürücülər arasında çox tərbiyəsiz, səriştəsiz və qudurğan adamlar var. Srağagün soyuq havada bir saat 205 nömrəli marşrutu gözlədim, amma gəlib çıxmadı. 120 nömrəli avtobuslar potensial ölüm mənbəyidir. Elə bil, avtobus yolun ortasında tökülüb, dağılacaq”.
Ekspert “Baku Bus”da hər şeyin yüksək səviyyədə olduğunu bildirib: “Təklif edirəm ki, bütün özəl marşrutlar ləğv edilsin və “Baku Bus”a verilsin. Dövlət də bu işə nəzarəti gücləndirsin.
Ciddi problem yaradan sərnişinlər də var. Bəzi piyadalar yolun ortasında gəzir, necə gəldi minib-düşürlər. Belələri cərimə olunmalıdır. Hətta öz məsuliyyətsizliyi ilə ölümə, ağır qəzaya səbəb olanlar həbs edilməlidir. Ancaq bu yolla ağılları başına gələr. Məsələnin digər tərəfi isə DYP ilə bağlıdır. Bəzi hallarda yol polisləri ağzınlıq edən avtobus sürücülərinə göz yumurlar. Bunların qarşısı alınmalıdır. Yoxsa qəzaların və ölümlərin sayı artacaq”.