Onu kütləvi şəkildə cəmiyyətdə yaymaq və insanların şüurunu buna uyğunlaşdırmaq lazımdır
İngiltərə hökuməti havanın çirklənməsi və qalıq yanacaq tullantılarının azaldılması üçün 2035-ci ildən gec olmayaraq benzin, dizel və hibrid nəqliyyat vasitələrinin satışına qadağa qoyulacağını elan edib. İlk dəfə həm elektrik, həm də benzinlə işləyən hibrid nəqliyyat vasitələrini də yasaq siyahısına daxil edən London rəhbərliyi infrastrukturunun hazır olacağı təqdirdə, yasaq tarixinin daha da irəli çəkiləcəyini bildirib.
Ümumilikdə isə dünyanın ondan çox ölkəsi 10-12 il ərzində benzin və dizel avtomobili satışını azaltmağı planlaşdırdıqlarını açıqlayıb. Fransa 2040-cı ilədək qalıcı yanacaqla işləyən nəqliyyat vasitələrinin satışına qadağa qoymağı və bütün dizel avtomobillərini yollardan kənarlaşdırmağı planlaşdırır. Görünən odur ki, Avropanın əksər ölkələri avtomobil bazarı ilə bağlı bu prosesi seçiblər. Bəs Azərbaycanda durum necədir? Yerli avtomobil bazarı bu prosesə hazırdırmı? Qeyd edək ki, təsdiqlənmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na əsasən, ətraf mühitin qorunması məqsədilə aidiyyəti qurumların qarşısında köhnə avtomobillərin istismardan yığışdırılması, utilizasiya edilməsi, eləcə də, yeni avtomobillərin ölkəyə gətirilməsini təmin etmək məsələsi qoyulub. Ekoloji avtomobillər arasında isə hibrid və elektromobillərə xüsusi önəm verilməsi qeyd edilib. Bu proqrama əsasən, yol hərəkəti tam təhlükəsiz olmalı və insan sağlamlığına zərər vurmayan nəqliyyat vasitələrinə üstünlük verilməlidir.
“Bu nəqliyyatın Azərbaycanda istifadəsi üçün infrastruktur yaradılmalıdır. Onların təmiri və enerji ilə doldurulması üçün ölkədə şərait olmalıdır”
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, ölkədə elektromobillərdən geniş istifadəni stimullaşdırmaq üçün təbliğat- təşviqat kampaniyası gücləndirilməlidir. Bunu kütləvi şəkildə cəmiyyətdə yaymaq və insanların şüurunu buna uyğunlaşdırmaq lazımdır. Hazırda əksəriyyətin elektrokarlardan xəbəri belə yoxdur.
Ekspertin fikrincə, həmin nəqliyyat vasitələrinin Azərbaycana gətirilməsi üçün güzəştli şərtlərlə bağlı real addımlar atılması da mühüm şərtlərdəndi. Onun sözlərinə görə, gömrük sadələşdirilməsi olmalıdır, sığorta və digər sahələrə diqqət yönəltmək olar:
"Elə ölkələr var ki, orada elektrokarlara avtobus zolağı ilə hərəkət etməyə icazə verilir. Və yaxud da, bəzi ölkələrdə bələdiyyə balansında olan parkinqlərdə onlara pulsuz və ya lap aşağı tariflərlə parklamaya icazə verilir. Bizdə bu avtomobillərin ixracı olmadığına görə, idxalı stimullaşdırmaq olar. Müəyyən proqramlar hazırlamaq lazımdır. Məsələn, istismara yararsız nəqliyyat vasitəsini gətirib təhvil verən şəxsə 0 gömrük tarifi və ya 0 vergi dərəcəsi ilə elektrokar idxal etməyə icazə verilə bilər”.
Ə. Hüseynov hesab edir ki, digər addım isə bu nəqliyyatın Azərbaycanda istifadəsi üçün infrastrukturun yaradılması ilə bağlıdır. Bu avtomobillərin təmiri və enerji ilə doldurulması üçün ölkədə şərait olmalıdır.