Türkiyə ABŞ və Rusiya arasında danışıqlar platforması ola bilər
Xəbər verdiyimiz kimi, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya lideri Vladimir Putinlə görüşü səbirsizliklə gözlədiyini deyib. Tramp qeyd edib ki, Prezident Putin onunla tez zamanda görüşmək istədiyini söyləyib: "Buna görə bunu gözləməliyik və bu müharibəni bitirməliyik”. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da bildirib ki, bir neçə ölkə Moskvaya Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Trampın mümkün görüşü üçün öz məkanlarını təklif edib: "Nə qədər qəribə də olsa, biz artıq müxtəlif ölkələrdən bununla bağlı bir neçə təklif almışıq. Hadisələrin mümkün və ya qeyri-mümkün inkişafını əvvəlcədən təxmin etməmək üçün onların adlarını deməyəcəyəm. Amma belə təklif olub və indi də var”.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Türkiyə ABŞ və Rusiya arasında danışıqlar platforması ola bilər. Onun sözlərinə görə, Rusiya prezidenti və ABŞ yeni seçilmiş rəhbərinin görüşünün keçirilməsi barədə yerlər təklif edilir:
"Putinin Qərbə səfəri mümkün deyil. Belə bir görüş üçün Türkiyənin seçilməsi mümkündür. Türkiyə Rusiya və Ukrayna müharibəsinin ilk aylarından vasitəçi olub. İki tərəf arasında "İstanbul razılaşması" əldə edilib. Qeyd edim ki, Türkiyə kifayət qədər neytral mövqe tutaraq həm Rusiya, həm də Ukrayna ilə sıx siyasi təmasları saxlayır. Bundan əlavə, hər iki prezidentin Ərdoğanla şəxsi münasibətləri yüksək səviyyədədir. Ona görə də Tramp və Putin arasında Ukrayna ilə bağlı görüş yeri Türkiyə ən uyğundur. ABŞ və Rusiya arasında danışıqlarda ilk növbədə atəşkəs əldə edilməsi və Rusiya qoşunlarının geri çəkilməsi müzakirə olunması istisna deyil. Türkiyə yenidən İstanbul razılaşmasına qayıtmasını gündəmə gətirib. Görünür, bu istiqamətdə ABŞ və Türkiyə koordinasiyalı çalışır. Rusiya və Ukrayna arasında danışıqlar prosesi yaz aylarından başlaya bilər. Bunun üçün ilk növbədə ABŞ və Rusiya arasında ilkin razılıq olmalıdır. Bunun üçün tərəflər bir araya gələcək".