“...Azərbaycan Prezidenti faktlarla danışır”
“Paşinyanın dili dolaşıb, düzünü dedi. Söylədi ki, Qarabağ Azərbaycanındır”
2020-ci ilin 15 fevral tarixində Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib. Müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak ediblər. Müzakirə zamanı Azərbaycan Prezidenti İlham Əliyev N.Paşinyanı gerçək tarixə söykənən faktlarla susdurub. Debatın əhəmiyyəti barədə “Şərq”ə danışan xalq yazıçısı Anar Rzayev qeyd edib ki, Azərbaycan Prezidenti erməni baş nazirə tutarlı cavablar verib, yerində otuzdurdu:
Bu debat həm Azərbaycanın haqlı olduğunu, həm də Azərbaycan rəhbərinin nə qədər dərrakəli və müdrik olduğunu bir daha sübut etdi. Paşinyan Azərbaycan Prezidentinin qarşısında miskin şəkildə görünürdü.
Debat zamanı kimin haqlı, kimin haqsız olduğu məlum oldu. Ağlı olan adamlar gördülər ki, Azərbaycan Prezidenti faktlarla danışır. Erməni baş nazir isə 2 min il bundan əvvəl Tiqran olub deyir. O da ermənidir, yoxsa yox bilinmir. Paşinyan onun adını çəkməklə öz mövqeyini bildirmək istəyirdi. Bu da gülünc görünürdü”.
Yazıçı Anar erməni baş nazirin nitq zamanı üzr istəməsinə də diqqət çəkib:
“Bizdə bir söz var: “Dil dolaşar, düzünü deyər”. Paşinyanın da dili dolaşıb, düzünü dedi. O söylədi ki, Qarabağ Azərbaycanındır”.
Xalq yazıçısı onu da əlavə edib ki, Azərbaycan Prezidentinin faktlarla çıxış etməsi debat gedən zalda və eyni zamanda yerli və beynəlxalq ictimaiyyətdə maraqla qarşılandı:
Prezident İlham Əliyev Azərbaycanın əbədi və əzəli ərazisi olan Xankəndinə “Stepanakert” adının verilməsi məsələsinə dəqiq və tarixi fakta söykənən mükəmməl cavab verdi. Bildirdi ki, Stepan bolşevik Şaumyanın adıdır, “kert” isə erməni dilində şəhər deməkdir. Ölkəmizin başçısı bu adda heç bir erməni irsinin olmadığını diqqətə çatdırdı. Eyni zamanda Xankəndinin Azərbaycan dilində “Xanın kəndi” olduğunu söyləyib, burada Azərbaycan tarixi irsinin olduğunu dünyaya bəyan etdi. Və bu fakt böyük maraqla qarşılandı”.