"Türkiyədə və İranda baş verən zəlzələnin Azərbaycana heç bir təsiri yoxdur, ola da bilməz". Bu sözləri Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Azərbaycanda hər gün xırda təkanların olduğunu vurğulayan mərkəz direktoru ölkədə seysmik fonun normal olduğunu və narahatlıq üçün bir əsas olmadığını deyib:
"Elə bir gün yoxdur ki, yeraltı təkan qeydə alınmasın. Sadəcə, bunlar zəif təkanlardır. İran Türkiyə sərhəddində baş verən zəlzələ yaxın olduğuna görə Naxçıvanda hiss edilib. Amma zəlzələnin kökü ordadırŞ, bizim üçün heç bir təhlükə vəd etmir. Azərbaycan adı çəkilən ölkələrdən tektonik və geoloji quruluşu ilə fərqli struktura malikdir. İrandakı zəlzələnin sərhəd rayonlarımızda hiss olunması təbii prosesdir. Bu əhalidə təşviş yaratmamalıdır. Azərbaycan üçün zəlzələ qorxusu yoxdur. Azərbaycanın zəlzələ ocaqlarında hazırda mühüm aktivlik müşahidə olunmur. Dediyim kimi, xırda və zəif hiss edilən zəlzələlər isə mütəmadi baş verir və bu normaldır”.
Qeyd edək ki, Türkiyənin Manisa şəhərinin Akhisar rayonunda 4,8 bal gücündə zəlzələ baş verib. Qəndilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu zəlzələnin 5 bal gücündə olduğunu bildirib. Zəlzələ Bursa və İzmirdə də hiss edilib.
İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində 5,7 bal gücündə zəlzələ baş verib.