Koronavirus qapımızın astanasındadır: Gərginliyi azaltmalı, bir az rahat olmalıyıq - AKTUAL



“Çünki stres insan orqanizmi üçün koronavirusdan da betərdir”



Dünyanı vahiməyə salan koronavirus artıq Azərbaycanın sərhədlərinə yaxınlaşıb. Uzaq Çində yayılan bu epidemiyanın arealı genişləndikcə, cəmiyyətdə virusa  yoluxma qorxusu  daha da artır.  Artıq İranda koronavirusdan ölənlərin sayının 12-yə, virusa yoluxanların sayının isə 47-yə çatdığı açıqlanıb. Hətta  Azərbaycanda da koronavirusun yayılması ilə bağlı şayiələr yayılıb.  

Ölkəmizdə bir neçə nəfərin koronavirus diaqnozu ilə xəstəxanalara yerləşdirilməsi ilə bağlı vatsapda paylaşılan  səs yazısı valideynlər arasında təşviş yaradıb. Sürətlə digər sosial şəbəkələrdə paylaşılan bu video ciddi ajiotaja səbəb olub. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatına görə,  sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə yayılan səs yazısı həqiqəti əks etdirmir:  “Ölkəyə daxil olan şəxslərdə virus təhlükəsi olduqda onlar xüsusi ayrılmış dövlət tibb müəssisələrinə yerləşdirilir. Hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur. Ölkəyə daxil olan şəxslərdə virus təhlükəsi olduqda onlar xüsusi ayrılmış dövlət tibb müəssisələrinə yerləşdirilir. Hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır”.

Koronavirus şübhəsi ilə 1 saylı Kliniki Mərkəzə daha iki nəfər gətirilib. Mərkəzdən verilən məlumata görə, həmin şəxslər bu gün səhər saatlarında Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Həmin şəxslərdən biri İranın Astara rayonunda işləyən Azərbaycan vətəndaşı, digəri isə Azərbaycana səfər edən İran vətəndaşıdır: "Hər iki şəxs mərkəzə qəbul olunaraq müayinə edilib, koronavirus əlamətləri aşkar edilməyib. Gətirilən şəxslərdən birinin hərarəti 37,1, digərində isə 37,3 dərəcə olub. Hər iki şəxs karantin nəzarətinə götürülüb".
Respirator sindromu olanlar mütləq maska taxmalıdır

Azərbaycanın baş infeksionisti Cəlal İsayev  koronavirusla bağlı əhaliyə mühüm xəbərdarlıq edib. 

İran Azərbaycanla sərhəd olduğundan çox sayda insanın gediş-gəliş etdiyini vurğulayan baş infeksionist tövsiyə edir ki, həyati vacib məsələ olmadığı təqdirdə İrana gedilməsin. Əgər gediləsi olsa belə vətəndaşlarımız təhlükəsizlik tədbirlərinə ciddi fikir verməlidirlər.

Onun sözlərinə görə, virusdan qorunmaq üçün əllər müntəzəm şəkildə yuyulmalı, düzgün və sağlam qidalanmaya üstünlük verilməli, koronavirus epidemiyası yayılan ərazilərdə olarkən xəstə şəxslərdən kənar durulmalı, qoruyucu maskalardan istifadə edilməlidir. Azərbaycanda bugünədək koronavirus şübhəsi ilə bağlı heç bir faktın qeydə alınmadığını qeyd edən baş infeksionist hesab edir ki, sərhəd ölkə olduğundan  İranda qeydə alınan faktlar ölkəmizdə müvafiq qurumların daha ayıq-sayıq olmasını zəruri edir. 

C.İsayev hər kəsi qoruyucu maskalardan istifadə etməyə çağırıb: “Respirator sindromu olanlar mütləq maska taxmalıdırlar. Çünki onların xəstəlik yayma ehtimalı daha yüksəkdir. Yaxşı olar ki, xəstə insanlar ya ev, ya da ağır olacağı təqdirdə xəstəxana şəraitində müalicə alsınlar. Hər respirator virus infeksiyası əlaməti olan şəxslərə koronavirusa yoluxub demək olmaz. Respirator xəstəliklər mövsümüdür. Çünki hər iki xəstəliyin qoruyucu tədbirləri eynidir. Yazın gəlişi bu virusun səngiməsinə səbəb olacaq. Çünki virusların yüksək temperatura dözümü yoxdur. Koronavirus müsbət 37 dərəcə temperaturda 10-15 dəqiqəyə, otaq temperaturunda isə 2-3 günə tələf olur. Xüsusən, yaşlı insanlar daha daha diqqətli olmalıdır: “Həmin şəxslərdə istənilən respirator infeksiyası ağır formada keçir. Çünki yaşlı insanların həyat boyu qazandıqları müəyyən xroniki xəstəliklər orqanizmlərinin immun sistemini zəiflətmiş olur. Çində koronavirusdan həlak olanların 80 faizi məhz yaşlı insanlar olub”.

Koronavirusu böyütmək düzgün deyil


Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev isə öz açıqlamasında deyib ki, Azərbaycanın İranla sərhədi bağlaması insanları təlaşlandırmasın.

Bu sadəcə, təhlükəsizlik məqsədi ilə atılan addımdır. Çünki iki ölkə arasında gediş-gəliş kifayət qədər çox olurdu. Yaxşı olar ki, insanlar sağlamlıqlarını qorumaq üçün nəinki İrana, ümumiyyətlə, ölkə daxilində də əhalinin sıx olduğu yerlərə getməsinlər”.

Onun sözlərinə görə, virusdan qorunmaq üçün mütləq şəkildə maskalardan istifadə etsinlər: 

“Koronavirusu bu qədər böyütmək düzgün deyil. Virus xəstəliklər insanlar yaranandan mövcud olub və olacaq. Koronavirus da onlardan biridir. Düzgün və sağlam qidalanmaqla, maskalardan istifadə etməklə və insanlarla ünsiyyəti maksimum dərəcədə azaltmaqla hava yolu ilə keçən bütün xəstəliklərdən qorunmaq olar”.

Azərbaycanda bugünədək koronavirus şübhəsi ilə bağlı heç bir faktın qeydə alınmadığını vurğulayan İ.Ağayev hesab edir ki, rəsmi olaraq Səhiyyə Nazirliyinin dediyi informasiyaya inanmaq lazımdır: "Təxribat xarakterli yayılan, rəsmi olmayan heç bir məlumata inanmayın. Azərbaycanda müxtəlif qurumlar onsuz da önləyici profilaktik tədbirlər həyata keçirir. Sərhəd ölkə olduğu üçün bir qədər daha ehtiyatlı olmaqda fayda var. Amma bu o demək deyil ki, İranda bu virusa yoluxan şəxslər aşkar edilibsə, Azərbaycanda da mütləq olacaq”.
Nazirliyin baş epidemioloqu qeyd edib ki, adi respirator infeksiyalarına yoluxan şəxslərin məktəbə və ya işə getməsi doğru deyil.  Əks təqdirdə ən yüngül infeksiyon xəstəliklər belə qısa zamanda yayıla bilir.

İranla sərhəddə təcili yardım tam təchiz olunmuş vəziyyətdədir 


Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatına görə, İranla sərhədyanı rayonlardakı - Biləsuvar, Lənkəran, Masallı, Cəlilabad, Astara - tibb müəssisələrində lazımi tədbirlər görülüb. Belə ki, sözügedən rayonların mərkəzi xəstəxanalarında İnfeksion şöbələr və bokslar (digər şöbələrlə əlaqəsi olmayan palatalar) hazır vəziyyətdədir. Biləsuvar və Astara sərhədlərində təcili və təxirəsalınmaz tibbi yardım tam təchiz olunmuş vəziyyətdə dayanıb. Eyni zamanda sərhəddəki tibb məntəqələri gücləndirilmiş iş rejimində çalışırlar.

“Azərbaycanda heç bir şübhəli hal yoxdu”


“Azərbaycanda hazırda koronavirusla bağlı vəziyyət stabildir. Heç bir şübhəli hal yoxdu”.

Bu sözləri isə Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib. Onun sözlərinə görə, ölkədə epidemioloji durum tam nəzarət altındadır: "Şayiələr yayılsa da, bununla bağlı rəsmi açıqlama verilib. Əgər belə bir hal baş verərsə, rəsmi orqan məlumat yayar. Amma indi heç bir şübhəli hal yoxdur".

Gərginliyi azaldaq, bir az rahat olaq


Bunun üçün də sağlam qidalanmaq, meyvə-tərəvəzi öldürmədən yemək, antibiotiklərdən uzaq olmaq və xüsusən də  günün çox hissəsini  təmiz havada keçirmək vacib haldır.  Koronavirusdan qorunmağın ən yaxşı üsulu yaxın kontaktdan uzaq olmaq, gigiyenaya əməl etməkdən ibarətdir:  

"Elə bilirsiniz ölkəmizdə qrip virus infeksiyasından sətəlcəm ağırlaşması ilə ölən azdır? Bütün virus növləri özünə görə müəyyən təhlükə daşıyır. Konkret olaraq koronavirusa  gəldikdə isə bu qədər təşviş yaratmağa ehtiyac yoxdur. Virusa yoluxan  hər kəs öləcək deyə bir şey yoxdur. Gərginliyi azaldaq, bir az rahat olaq. Hər virus infeksiyasından ölüm də ola bilir, sağalmaq da. Stres isə geridönüşsüz hüceyrə ölümü verir. Stresə girməyin!!!".