Həkim optimistdir: “Yoluxma aprelin ortalarına qədər davam edəcək, sonra...

Adil Qeybulla: “...Səngiməyə doğru gedə bilər. Bütün dünyada müşahidə olunan tendensiya budur”



Prezident İlham Əliyev koronavirus pandemiyasına qarşı həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün Prezidentin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılıb. 
Baş nazir Əli Əsədov da Nazirlər kabinetinin 2019-cu il üzrə fəaliyyətinə dair təqdim etdiyi videohesabatda bildirib ki, Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdədir və tibbi ləvazimatlar yetərincədir. Baş nazir vurğulayıb ki, görülən bütün tədbirlər yalnız bir məqsəd güdür: “Biz bu ağır sınaqdan minimum itki ilə çıxmalı, əhalinin sağlamlığını qorumalıyıq. Nəzərdə tutulmuş silsilə tədbirlər həyata keçirilir”. 



Tibb sahəsində görülən mühüm işlərlə bağlı “Sherg.az”a fikirlərini bəyan edən tibb elmləri doktoru, professor Adil Qeybulla bəyan edib ki, koronavirus kütləvi bir yoluxma və pandemiyadır. Professorun sözlərinə görə, bütün dünya ölkələri, hətta ən güclü dövlətlər belə koronavirus təhlükəsi ilə üz-üzədir: 

“Səhiyyə xərcləri federal büdcəni üstələyən ABŞ kimi bir dövlətdə belə tibbi ləvazimatlarla bağlı ciddi problemlər var. Ona görə də hazırda pandemiyanın qarşısını almaq üçün ən əsas tədbirlərdən biri Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyə etdiyi sosial izolyasiya tədbirləri və şəxsi gigiyena məsələləridir. İndiki məqamda tibbi ləvazimatlardan daha mühümü məhz budur. Sosial izolyasiya şərtlərinə də Azərbaycanda çox ciddi səviyyədə riayət olunur. Düzdür, əhali bunu pozmağa meyilli olsa da, dövlət öz tədbirlərini gücləndirir. Bizim uğurumuz bu tədbirlərin nə dərəcədə effektli aparılmasından ibarətdir”. 

A.Qeybullanın firkincə, heç bir ölkə problemsiz deyil. Bunu pandemiya dövründə daha yaxşı müşahidə etdik: 

“İnkişaf etmiş ölkələrdə belə tibbi ləvazimat çatışmazlığı yüksəkdir. Avropa ölkələrinin çoxunda zəruri tibbi avadanlıqlar kifayət qədər deyil. Əlbəttə, belə məqamda çıxış yolu tapılır. Məsələn, ağır xəstələr xəstəxanada xüsusi rejimdə müalicə olunsa da, nisbətən yüngül xəstələr ev şəraitində müalicə alırlar. Azərbaycanda hələlik həm tibbi ləvazimatların sayı, həm də xəstəxanaların tutumu yoluxanlara nisbətən xeyli çoxdur. İndiki halda ciddi çətinliyimiz yoxdur. Aprelin ortalarına qədər yoluxmaların davam edəcəyi, ondan sonra səngiməyə doğru gedəcəyi gözlənilir. Bütün dünyada müşahidə olunan tendensiya budur. Hər halda müəyyən tədbirlər görülür və kifayət qədər həkimlər bu işə cəlb olunur”.