"Görüşün videokonfrans formatında keçirilməsi təşəbbüsü cənab Prezidentin praqmatik və çevik qərar qəbuletmə xüsusiyyətini bir daha sübut etdi"
Koronavirusla mübarizədə beynəlxalq əməkdaşlığa və dialoqa daha çox ehtiyac duyulduğu bir dövrdə Azərbaycan etibarlı tərəfdaş kimi özünü bir daha təsdiqlədi.
Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə pandemiyaya həsr olunmuş fövqəladə Zirvə görüşü indiki çətin şəraitdə bir-birinə dəstək göstərmək baxımından çox mühüm əhəmiyyət daşıyır. Heç şübhəsiz, Zirvə toplantısı vətəndaşların sağlamlığının qorunması, pandemiyanın doğurduğu sosial-iqtisadi fəsadların yüngülləşdirilməsi məqsədi güdür. Türk Şurasına sədrliyi dövründə Azərbaycan üzv dövlətlər arasında əməkdaşlığın və həmrəyliyin daha da genişlənməsinə öz töhfəsini verib. Ölkəmiz eyni zamanda təşkilatın beynəlxalq nüfuzunun artması yönündə mühüm addımlar atıb. Azərbaycanın zaman-zaman irəli sürdüyü təşəbbüslər nəticəsində pandemiya şəraitində belə türkdilli ölkələrin nəqliyyat daşımalarında heç bir problem yaşanmayıb. Xüsusilə, Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi olaraq əlavə həcmdə yüklərin daşınması üçün lazımi tədbirlər görüb. Pandemiyanın mənfi təsirinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində Azərbaycan vasitəsilə türkdilli ölkələrdən daşınan yüklərin həcmində ötən illə müqayisədə 40 min ton artım müşahidə olunub. Prezident İlham Əliyev də tədbirdə vurğulayıb ki, mövcud qlobal pandemiya dövründə Türk Şurasının üzv dövlətləri özlərinə qapanmayıblar. Dövlət başçısı bildirib ki, Azərbaycan ayrı-ayrı ölkələrə də öz dəstəyini göstərməkdədir:
"Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görüb. Qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində ölkələrimiz arasında beynəlxalq yük daşımaları fasiləsiz olaraq həyata keçirilib. Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınıb".
Zirvə görüşünün əhəmiyyəti ilə bağlı "Sherg.az"a danışan politoloq Şəbnəm Həsənova bildirib ki, görüşün videokonfrans formatında keçirilməsi təşəbbüsü cənab Prezidentin praqmatik və çevik qərar qəbuletmə xüsusiyyətini bir daha sübut etdi.
Siyasi şərhçiyə görə, Zirvə görüşündə Azərbaycanın türk dünyasında tutduğu mühüm mövqe bir daha sübut olundu:
"Prezident cənab İlham Əliyev hazırda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətdə olan sədridir. Naxçıvan müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq ehtiyac olduğu təqdirdə fəaliyyətdə olan sədr fövqəladə görüşlər çağırmaq səlahiyyətinə malikdir. COVİD-19 virusunun “diqtəsi” ilə yaranmış şəraiti nəzərə alaraq bu dəfəki Zirvə görüşü videokonfrans formatında baş tutdu ki, bunun ideya müəllifi məhz ölkə başçımız idi. Elə bu səbəbdən də ölkə başçımız hər zaman olduğu kimi praqmatik və çevik qərar qəbuletmə xüsusiyyətinə sadiq qalaraq bu Zirvə görüşünün online videokonfrans formatında keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Cənab Prezidentin bu təşəbbüsünün Şuraya üzv ölkələr tərəfindən müsbət qarşılanması həm də ölkə başçımıza olan hörmətin və rəğbətin bariz nümunəsidir. Eyni zamanda mövcud şəraitin diqtəsi ilə bir ilk daha yaşandı. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesus da videokonfransa qoşuldu.
Zirvənin nəticələrinə uyğun olaraq dövlət başçıları tərəfindən fövqəladə sammitin yekunlarına dair bəyənnamə qəbul olundu. İstər pandemiya, istərsə də post-pandemiya dövründə Şuraya üzv ölkələrin ortaq əməkdaşlıq mexanizmləri müəyyənləşdirildi. Koronavirus pandemiyasından sonra da iqtisadi, siyasi və sosial layihələrin davam etdirilməsi məsələsinin vacibliyi vurğulandı".
Siyasi şərhçi vurğulayıb ki, virusun yaratdığı mövcud şəraitdə Şuraya üzv ölkələr arasında viza vaxtı bitmiş və ya hər hansı bir məsələ barədə çətinlik yaşayan vətəndaşlara olduqları ölkələrdə lazımi şəraitin yaradılması ilə bağlı ölkələrin həmrəy olduqları vurğulandı:
"Bundan əlavə üzv ölkələrin hər biri 2 aprel 2020-ci il tarixində BMT Baş Assamebleyasında COVİD-19-a qarşı qəbul olunmuş bütün qətnamələri ortaq həmrəylik nümayiş etdirərək tam dəstəklədiklərini ifadə etdilər. Pandemiya olmasına baxmayaraq, nəqliyyat dəhlizlərində 180 min tondan çox yüklərin daşınmasında da üzv ölkələrin birlik nümayiş etdirdiklərinin önəmi ortaya qoyuldu. Heç şübhəsiz ki, yüklərin daşınmasında dəhlizin Azərbaycan olduğu üçün ölkəmizin bu məsələdə də önəmli rol oynadığını bir daha ortaya çıxarmış oldu. Düşünürəm ki, bütün bu məsələlər ətrafında Şuraya üzv ölkələr arasında belə sıx həmrəyliyin olması Şuranın gələcəkdə də əməkdaşlıq formatına müsbət təsir edəcək. Mühüm bir fakt Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Tedros Adhanom Qebreyesusun Azərbaycanın pandemiyaya qarşı dövlət səviyyəsində effektiv mübarizə aparması və görülən işləri təqdir etməsidir. Bu da bilavasitə cənab Prezidentin şəxsinə verilən dəyərdir".
Ekspert maraqlı və vacib bir məqamı da qeyd edib:
"Müasir texnologiyanın verdiyi imkanlardan yararlanaraq keçirilən bu fövqəladə Zirvə görüşü innovativ texnologiyanın önəmini də bir daha sübut etmiş oldu. Sadəcə Zirvə görüşünün keçirilməsi baxımından deyil, gələcəkdə də müasir innovativ texnologiyanın tətbiqinin siyasi, iqtisadi, sosial, mədəni layihələrdə də istifadə olunmağının vacibliyini ortaya çıxarmış oldu. Üzv ölkələri arasında sadəcə siyasi, iqtisadi sahələrdə deyil, səhiyyə nazirləri arasında ortaq iş birliyi mexanizminin yaradılmasının vacibliyi də müzakirə olunan yeni məsələlərdən idi. Xəstəliyin mənfi təsirlərinin aradan qaldırılması üçün pandemiyadan sonrakı dövrdə iqtisadiyyat, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlıq üzrə səylərimizi daha da artırmağın zəruriliyi cənab Prezident tərəfindən bir daha vurğulandı. Düşünürəm ki, pandemiya ilə mübarizə istiqamətində fəaliyyət və təcrübə mexanizminin üzv ölkələr arasında paylaşılması və səylərin birləşdirilməsi çox vacib məsələdir. Azərbaycan türk dünyasının mərkəzi hesab olunur. Bu baxımdan da türkdilli dövlətlər arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından Azərbaycanın və şəxsən cənab Prezident İlham Əliyevin müstəsna rolu var".