Tarixçi-alim: "Zirvə görüşünü və liderlərin yüksək fəallığını təqdirəlayiq hal hesab edirəm”


“Türk Şurasının videokonfransını mühüm görüşlərdən biri hesab edirəm”.

Bunu “Sherg.az”a açıqlamasında tarixçi-alim Boran Əzizli deyib. 

Alim bildirib ki, bu görüş türk dünyası arasındakı münasibətlərin kifayət qədər yaxşı olmasından xəbər verir: 

“Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Zirvə görüşü türkdilli dövlətlər arasındakı əlaqələrin ən ağır vaxtlarda, çətin zamanlarda belə yaxınlaşdırılmasına xidmət edir. Həm də müxtəlif problemli məsələlər ətrafında əlaqələndirici bir platforma rolunu oynayır. Bu, onu göstərir ki, türk dövlətləri istənilən ağır dönəmlərdə bir-birinə yardım edə, bir-birinin qayğısına qala bilir. Bəzən dövlətlərin müxtəlif səbəblərdən mövqeyi heç də orada yaşayan xalqların mənafeyi ilə üst-üstə düşmür. Amma Zirvə görüşü həm türkdilli xalqların fikir və düşüncəsində, həm də dövlətin maraqlarında olan məsələlərin uzlaşdırılmasının vacibliyini bir daha üzə çıxarmış oldu. Ona görə də bu görüşü, eyni zamanda görüşdə çıxış edən liderlərin yüksək fəallıq göstərməsini təqdirəlayiq hal hesab edirəm”.