“...İlahi, bu insanlarda məsuliyyət yoxdurmu?!” – Akademik təəccübünü gizlətmədi 

“Onlar özlərini, ailələrini, uşaqlarını düşünmürlərmi?!”

“Bütün addımlar oan görə atılır ki, Azərbaycan dövləti daha da güclü olsun, xalqımız daha yaxşı yaşasın və xəstələnmə ehtimalları minimuma endirilsin”




Cənab Prezidentin bu istiqamətdə gördüyü işlər çox dəyərlidir və millətin qorunmasına xidmət edir”. 

Bunu “Sherg.az”a millət vəkili, akademik, Azərbaycan İqtisadçılar İttifaqının sədri, Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvü Ziyad Səmədzadə deyib. 

Deputat vurğulayıb ki, Azərbaycanda görülən tədbirlərin dünya miqyasında nə dərəcədə fərqləndiyi göz qabağındadır: 

“Azərbaycan dünyanın nadir ölkələrindən biridir ki, bu böyük bəlaya-koronavirus pandemiyasına qarşı sistemli mübarizə aparır. ABŞ-ın əhalisi Azərbaycan əhalisindən 35 dəfə çoxdur, amma orada koronavirusa yoluxanları sayı bizdəkindən 500 dəfə çoxdur. Yaxud, İtaliyanın əhalisi Azərbaycan əhalisindən 6-7 dəfə çoxdur, amma orada koronavirusa yoluxanların sayı bizdəkindən 100 dəfə çoxdur. Nə üçün belə bir fərq yaranıb? Fərq ona görə yaranıb ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev ilk gündən bu bəlaya qarşı mübarizəyə hamını bütövlükdə səfərbər etdi, sərəncamlar, fərmanlar imzaladı. Birinci vitse-prezident Mehriban xanım Əliyeva iki dəfə Azərbaycan xalqına müraciət etdi. Bu müraciətləri həyacanlanmadan dinləmək mümkün deyil. Müraciəti oxuduqca fikirləşirsən ki, görün, ölkənin Birinci xanımı bu məsələyə nə qədər böyük həssaslıqla yanaşır. Biz millətimizi qorumalıyıq. Azərbaycan dövlətinin iqtisadi potensialı, gücü imkan verir ki, biz koronavirusa qarşı özünü dünya təcrübəsində doğrultmuş bütün imkanlardan istifadə edək. Gündən-günə artan, ciddiləşən tədbirlərin nəticəsində biz artıq bu bəladan qurtulmağa doğru yaxınlaşırıq”.

Akademik bildirib ki, Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah gündəlik olaraq görülən işlər barədə əhalini məlumatlandırır:

“Operativ Qərargahın da xidməti kifayət qədər ciddi və məsuliyyətlidir. Onlar insanlara vaxtında xəbərdarlıq edirlər. Çox şükür ki, son günlərdə yoluxanların sayında azalma müşahidə olunur. Amma görüləsi işlərimiz də çoxdur və onlardan biri də hamının, Azərbaycan dövlətinin səsləndirdiyi “Evdə qal, sağlam qal!” kampaniyasıdır. “Evdə qal” çağırışı adi məsələ deyil. Bu, milllətin qorunması üçün zəruridir. Bu kampaniya insanların, xalqın sağlamlığının qorunması üçün aparılan kampaniyadır. Bu, bizim ətrafımızda olan uşaqlarımızın, övladlarımızın, nəvələrimizin, bütün insanlarımızın qorunması üçün çox vacibdir. Mən də bu kampaniyanı çox məhsuldar keçirirəm, gecə-gündüz işləyirəm ki, boş vaxtım qalmasın. Onsuz da boş-bekar dayanan insan deyiləm. Evin içində gəzirəm, hər gün on min addım atıram, həm də yazıram-pozuram, dostlarımla danışıram. Parlamentlə distant əlaqə saxlayır və müzakirələr aparırıq, fikir mübadiləsi edirik. Yaradıcılıq işlərimlə də çox ciddi məşğul oluram. Son 15 gün ərzində bir neçə ayın işini görmüşəm. Hazırda Böyük vətən müharibəsinin 75 illiyi ilə bağlı böyük kitab üzərində işləyirəm və yaxınlarda onu çapa verməyi planlaşdırıram”.

Parlament üzvü təəssüflə qeyd edib ki,  hələ də bu məsələlərə laqeyd yanaşan insan var: 

“Yolda avtomobil tıxaclarını görəndə düşünürsən ki, ilahi, bu insanlarda məsuliyyət yoxdurmu? Onlar özlərini, ailələrini, uşaqlarını düşünmürlərmi? Bəli, çətinlikdir. Bakı kimi gözəl şəhərdə gəzmək hamımızın arzusudur. Amma vəziyyəti nəzərə alaraq evdə qalmaq lazımdır. Bu, özü böyük məsuliyyət və daxili tərbiyədir, mənəvi dəyərlərin qorunmasıdır. Ona görə də mən bu sahədə cənab Prezident tərəfindən görülən işləri, Mehriban xanım tərəfindən atılan addımları çox bəyənirəm. Bütün bunlar ona görə edilir ki, dinamik inkişaf edən Azərbaycan dövləti daha da güclü olsun, xalqımız daha yaxşı yaşasın və xəstələnmə ehtimalları minimuma endirilsin. Biz hər birimiz dünyanın digər ölkələrində bu xəstəliyin nə qədər canlar aldığını görürük”. 

Akademik ötən gün videokonfrans formasında keçirilən Türk Şurasının Zirvə görüşünə toxunub: 

“Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə türkdilli dövlət başçılarının iştirak etdiyi böyük bir forum keçirildi. Bu, dünya miqyasında bir ilk idi. Koronavirus pandemiyasının genişləndiyi bir şəraitdə belə bir videokonfransın keçirilməsi göstərir ki, Azərbaycan sistemli addımlar atır. Ölkə rəhbərliyi öz xalqını, hər bir azərbaycanlını qorumaq üçün konkret tədbirlər müəyyən edir”.