“Sizin yanımızda olmağınızdan şərəf duyuruq” – Prezidentə məktub

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.


Fazil Nəbiyev adlı təqaüdçü Gəncədən yazır: 

Möhtərəm cənab Prezident,  mən və ailəm Sizi daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Xalqımızın rifahının yaxşılaşdırılması üçün səylə çalışmağınız və yürütdüyünüz ardıcıl siyasət bizi fərəhləndirir.
Hazırda koronavirus pandemiyası dünyaya və insanlığa meydan oxuyur. İnanırıq ki, məhz Sizin yorulmaz fəaliyyətiniz xalqımızı bu bəladan qoruyacaq və dövlətimiz qısa zamanda bu ağır sınaqdan üzüağ çıxacaqdır.
Siz hər bir vətəndaşın sağlam qalması, ölkəmizin bu vəziyyətdən minimal itki ilə xilas olması üçün bütün imkanları səfərbər edirsiniz. İnanıram ki, tezliklə bu qara buludlar başımızın üstündən çəkiləcək və dövlətimiz Sizin müdrik rəhbərliyinizlə tutduğu inkişaf yolunu davam etdirəcəkdir.
Cənab Prezident, Sizin daim yanımızda olmağınızdan qürur və şərəf duyuruq. Tanrı Sizi, dövlətimizi və xalqımızı qorusun.