Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.
Yevlax sakini Knyaz Əliyev yazır:
"Möhtərəm cənab Prezident, dünyada tüğyan edən, bəşəriyyətin bəlasına çevrilən COVID-19 pandemiyası hər birimiz üçün böyük təhlükəyə çevrilib. Bütün dünya bu bəlaya qarşı mübarizəyə səfərbər olub. Dünyanın inkişaf etmiş ölkələri nə qədər çalışsalar da, həm yoluxmanın, həm də itkilərin qarşısını almaqda aciz qalıblar. Sizin rəhbərliyinizlə ölkəmizdə virusla mübarizə işi çox uğurla həyata keçirilir. Tarixində ilk dəfə belə xəstəliklə üzləşən gənc, müstəqil ölkəmizdə görülən tədbirlər nəticəsində yoluxma və ölüm hallarının sayı dünyanın elmi-texniki cəhətdən inkişaf etmiş ölkələrindən dəfələrlə aşağıdır.
Cənab Prezident, bu günlərdə modul tipli yeni xəstəxanaların tikilməsi haqqında imzaladığınız Sərəncam hər birimizin sevincinə səbəb oldu. Sizin rəhbərliyinizlə həyata keçirilən bu işlər vətəndaşlarımızın sağlam yaşamasına yönəlib. Hökumətin hər bir üzvü ona verilən tapşırığı dəqiq yerinə yetirir. Bütün bunlar Sizin uzaqgörənliklə həyata keçirdiyiniz uğurlu siyasətinizin məntiqi nəticəsidir.
Pandemiyanın ölkəmizdə yayılmasına qarşı atdığınız addımlara görə bir ağsaqqal kimi Yevlax sakinləri adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun. Var olun, cənab Prezident! Allah atanız, xalqımızın ümummilli lideri Heydər Əliyevə rəhmət eləsin”.