Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.
İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov Prezidentə yazır:
"Möhtərəm cənab Prezident, Biz – İsmayıllı ağsaqqalları dünyanı bürüyən koronavirusa yoluxmamaq üçün evdə qalmaq tələbinizi mütləq şəkildə yerinə yetiririk. Sizin milli köklər üzərində bərqərar olan rəhbərliyiniz sayəsində dövlət bizim hər qayğımızı çəkir. Həyat fəaliyyətinin bütün istiqamətlərində olduğu kimi, pandemiyaya qarşı mübarizədə də Azərbaycanı çox ölkələrdən fərqləndirən Sizin müdrik rəhbərliyiniz, xalqımıza tükənməz sevginiz, ölkəmizin taleyi üçün hamıdan çox məsuliyyət daşımağınızdır. Ölkə iqtisadiyyatının bu acınacaqlı vəziyyətdən minimum itki ilə çıxması üçün Siz ən səmərəli tədbirlər həyata keçirməklə yanaşı, həm də mövcud resursları insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldirsiniz.
Fəxr edir, qürur duyur və bu çətin anlarda sevinirik ki, rəhbəri olduğunuz, əbədi müstəqilliyə çatmış Azərbaycanın vətəndaşlarıyıq. Pənah Allaha, ümid dövlətimizə və Prezidentimizədir.
Hörmətli cənab Prezident, evdə qalmışıq, lakin ictimai fəallıqdan qalmamışıq. Yaxşı görürük ki, Sizin sərəncam, göstəriş və tövsiyələriniz İsmayıllı rayonunda da geniş miqyasda həyata keçirilir. Ehtiyacı olan hər bir ailə Sizin diqqət və qayğınızın ünvanıdır.
Bütün bunlara görə Sizə minnətdarıq. Tanrı Sizi, xalqımızı və Azərbaycanımızı qorusun !”.