Vaxtında verilən QƏRAR ! – “Nazirlik ehtiyat qüvvələri çağırıb” – Ordu hazır vəziyyətdədir !

“Rayonlarda yüzlərlə insan toplaşıb, cəbhəyə getmək istəyir. Bu, çox sevindiricidir"

“Dünyada belə praktika yoxdur ki, müharibəsiz, döyüşsüz torpaqları qaytarmaq mümkün olsun”

Ermənistanın Azərbaycana qarşı təxribatları davam edir. Dünən axşamdan etibarən cəbhədə vəziyyət yenidən gərginləşib. Azərbaycanın qərb zonasında güclü partlayış səsi eşidilib. Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Bildirilib ki, həmin vaxt ardıcıl iki güclü partlayış səsi duyulub.
Yayılmış rəsmi məlumatlara görə, qeyd edilən saatda Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı – PUA Azərbaycan hərbi qüvvələri tərəfindən məhv edilib. Vurulan PUA əraziyə düşərək partlayıb. Təəssüf ki, şəhidimiz də var. Ordumuzun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu düşmənin növbəti təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Qeyd edək ki, artıq bəzi bölgələrimizdə yüzlərlə insan səfərbərlik idarəsinin qarşısına toplaşıb. Vətəndaşlarımız könüllü olaraq cəbhəyə gedib torpaqlarımızın azad olunması üçün vuruşmaq istəyirlər. Müharibənin başlayacağına dair bəzi iddialar səslənir.
 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaranmış vəziyyətlə əlaqədar məlumat verib. Dövlət Xidmətinin məlumatına görə, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir”.



Cəbhədəki durumla bağlı “Sherg.az”a danışan Qarabağ qazisi Rey Kərimoğlu bildirib ki, bu gündən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Müdafiə Nazirliyinin sifarişi ilə müəyyən sayda insanları orduya çağırmağa başlayıb. Onun sözlərinə görə, konkret olaraq hərbi vəzifəli şəxslər, o cümlədən müxtəlif qoşun növlərində xidmətdən keçmiş insanları çağırırlar:

“Düşmən iyul ayında Tovuz istiqamətində hücuma keçdi. Bu təxribatların qarşısı alındı və rəşadətli ordumuz tərəfindən ermənilərin cavabı verildi. Bütün bunlar onu deməyə əsas verir ki, düşmən hər an torpaqlarımıza hücum edə bilər. Ona görə də daim hazırlıqlı olmalıyıq. Azərbaycan Silahlı Qüvvələri müharibəyə hazır vəziyyətdədir. Ordumuzun kifayət qədər silah-sursat və canlı qüvvə ehtiyatı var. Hər ehtimala qarşı Müdafiə Nazirliyi ehtiyat qüvvələri çağırıb. Bunu da yüksək qiymətləndirmək lazımdır. Çünki vaxtında və düzgün verilən qərardır. Düşünürəm ki, müharibə olacaq və torpaqlarımız azad ediləcək”.

R.Kərimoğlu qeyd edib ki, cəbhədə baş verənlər cəmiyyətimizdə müəyyən narahatlıqlara səbəb olub. Bu isə normal qarşılanmalıdır:

“İnsanlar müxtəlif suallar verirlər. Onların narahat olmasını başa düşmək lazımdır. Artıq müxtəlif rayonlarımızda səfərbərlik idarəsinin qarşısına yüzlərlə insan toplaşıb, könüllü olaraq cəbhəyə getmək istəyir. Bu, çox sevindiricidir. Hər zaman olduğu kimi yenə də düşmənlə vuruşa bilən, mərd, igid və rəşadətli oğullarımız var”. 



Ehtiyatda olan zabit, qazi İlham Tumas bildirib ki, məsələnin həlli ancaq müharibə yoludur.
Onun fikrincə, dünyada belə praktika yoxdur ki, müharibəsiz, döyüşsüz torpaqları qaytarmaq mümkün olsun:

“Hər zaman bu fikirdə olmuşam, yenə də belə düşünürəm. Müharibənin olub-olmayacağını təbii ki, Ali Baş Komandanımız müəyyənləşdirəcək. Ancaq müharibə mütləq olmalıdır. Lakin nə vaxt olacaq və döyüşə hansı bölgələrdən başlayacağıq, bu, artıq Ali Baş Komandan və hərbiçilərimizin biləcəyi işdir. İnanmıram ki, torpaqlarımızı müharibəsiz qaytara bilək. Alınan torpaqlar sülh yolu ilə qaytarılmır. Hazırda ehtiyatda olan zabit kimi səfərbərlik idarəsinə gəlmişəm. İşlərim çox olsa da, dövlətimizin çağırışı daha vacibdir. Bizim üçün əsas olan torpaqlarımızdır”.