Əhaliyə çağırış ! - “DTX lazımi addımları atıb, vətəndaşlar da..

“...Diqqətli və ayıq-sayıq olmalıdırlar”

“Təəssüf ki, ölkəmizdə Azərbaycanı istəməyən qeyri-dövlət qurumları da az deyil”


 Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlara əsasən, Ermənistan xüsusi xidmət orqanları cəbhədə öz ordularının silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədilə Azərbaycan Respublikasının böyük şəhərlərində insanların sıx cəmləşdiyi yerlərdə, ictimai nəqliyyatda terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirmək istəyirlər. Bununla da keçən əsrin 80-ci illərin sonu və 90-cı illərdə Bakıda və ölkəmizin başqa yerlərində dinc əhaliyə qarşı törətdikləri mənfur və insanlığa sığmayan qanlı terror əməllərini təkrarlamaq niyyətindədirlər.

 Məlumatda bildirilir: “Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyən və terror əməllərini həyata keçirən dövlətdir. Hazırda Ermənistan silahlı qüvvələrinin və xüsusi xidmət orqanlarının tərkibində Yaxın Şərq ölkələrindən gətirilmiş terrorçular xidmət edir.

Vətəndaşları gündəlik həyat və iş ahəngini pozmadan, təşvişə qapılmadan ayıq-sayıq olmağa çağırır, yaşadıqları ərazilərdə şübhəli şəxslər, hərəkət və əşyalar barədə məlumatları (012) 4059999 nömrəli telefonla Dövlət Təhlükəsizliyi Xidmətinə, eləcə də yerli polis və digər hüquq mühafizə orqanlarına bildirmələri xahiş olunur.

Eyni zamanda son dövrlərdə erməni terror təşkilatı olan ASALA-nın fəallaşdığını nəzərə alaraq, xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, diplomatik heyəti, diaspor təmsilçilərini və ölkəmizə aid şirkətlər və onların əməkdaşlarını ayıq-sayıq olmağa və şübhəli hallar müşahidə edildikdə yerləşdikləri ölkələrin hüquq mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik”.

DTX-nın xəbərdarlığı ilə bağlı “Sherg.az”a danışan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş nazir müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər insanlarımızı diqqətli olmağa çağırıb:

 “Mən bir neçə gün əvvəl bu barədə xəbərdarlıq etmişdim. Sevindirici haldır ki, DTX lazımi addımları artıq atıb, əhaliyə çağırış edib.

Kəşfiyyat və təhlükəsizlik xidməti, ictimai asayişə cavabdeh olan Daxili İşlər Nazirliyi, terrorla mübarizə mərkəzi yarana  biləcək təhdidlərin qarşısını almaqdan ötrü səfərbər olmalıdırlar.

Terrorla mübarizə qırmızı olmasa da, narıncı səviyyəyə çatdırılmalıdır. Müvafiq qabqlayıcı tədbirlər atılmalıdır. Vətəndaşlar isə diqqətli və ayıq-sayıq olmalıdırlar.

Nəzərə almaq lazımdır ki, düşmənin məkrli planlarından əl çəkmir. Təəssüf ki, ölkəmizdə Azərbaycanı istəməyən qeyri-dövlət qurumları da az deyil”.