Anlaşmalar iki qardaşa yaraşan addımlardır


Azərbaycan və Türkiyə vətəndaşları sadəcə şəxsiyyət vəsiqələri ilə hərəkət edəcəklər

Bütün bunlar Bir Vətən olmağa doğru atılan addımlardır

“Zəfər paradı iki qardaş ölkə arasındakı həmrəyliyin ən yüksək zirvəsi idi”.

Bu sözləri “Sherg.az”a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, professor Hulusi Kılıç deyib. Sabiq səfir bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın möhtəşəm parada qatılması qardaşlığımızın nə qədər möhkəm olduğunu göstərdi: “İki Prezident eyni anda “Salam əsgər” dedi. Bu, böyük məna kəsb edən bir məsələ olmaqla yanaşı, həm də dünyaya çoxlu mesajlar verən möhtəşəm hərəkət idi. İki lider birgə bəyan etdi ki, “biz birik, bərabərik və birlikdə güclüyük”.

Bir səs başqa, iki səs başqa, çünki iki səs daha güclü səs çıxarır. Həm qonşu ölkələr, həm də dünya Azərbaycanın Zəfər paradını izlədi, həmçinin iki qardaş ölkənin birliyinin şahidi oldu. Azərbaycan-Türkiyə qardaşlığı keçmişə dayanır. Azərbaycan türkləri hələ müstəqil dövlətlərini qurmamış Çanaqqalada öz qardaşlarının imdadına gəlmişdilər, onlarla çiyin-çiyinə düşmənə qarşı savaşmışdılar. Bir neçə il sonra Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu isə Azərbaycanın köməyinə yetişmişdi, Bakını işğaldan azad etmişdi. Bizim qardaşlığımız bir-iki günlük deyil, qardaşlığımız əsrlər boyudur davam edir və daha da güclənir. İndi də Türkiyə hərbçiləri Zəfər paradında iştirak etdi. Sanki onlar da Nuru paşanın əsgərləri idi”. 
Hulusi Kılıç vurğulayıb ki, dünyada Azərbaycan-Türkiyə qardaşlığının başqa nümunəsi, bənzəri yoxdur: “Bizim qardaşlığımız çox fərqlidir. 1993-cü ildə Ermənistanın Kəlbəcəri işğal etməsindən sonra Türkiyə ermənilərlə sərhədini bağladı. Bugünə kimi sərhədlər açılmayıb. Bəs nə zaman açılacaq? Cənab Ərdoğanın da dediyi kimi “Azərbaycan nə zaman riza göstərsə, nə zaman “aç” desə, o zaman açılacaq”. Paradda və ondan sonrakı görüşdə dövlət başçıları bir çox mühüm mesajlar verdilər, region ölkələrini sülhə, birgə əməkdaşlığa səslədilər. Orada vurğulanan “altılıq platforması”nın formalaşması həqiqətən bölgənin inkişafı üçün önəmli addım olar. Onsuz da region dövlətləri arasında üçlü formatlar var. Beş dövlət bir-biri ilə sıx əməkdaşlıq içindədir. Əgər Ermənistan hökuməti də reallığı dərk edərək qonşularla ağıllı və normal siyasət yürütməyə qərar verərsə, onlar da birgə platformalarda təmsil oluna bilərlər. Bundan Ermənistan dövləti və xalqı qazanar. Ermənistan müasir reallığı qəbul etməlidir. Əks halda sürətlə tənəzzülə uğrayacaq və ölkədə daim qarışıqlıq baş verəcək. Azərbaycan və Türkiyə bölgədə sülhün bərqərar olmasının tərəfdarıdır”. 



Keçmiş səfir bəyan edib ki, paraddan sonra imzalanan birgə anlaşmalar da olduqca önəmlidir:

“İki qardaş ölkənin vətəndaşları sadəcə şəxsiyyət vəsiqələri ilə səfər edəcək. Bu qərar iki qardaşa yaraşan addımdır. O cümlədən media sahəsində ortaq əməkdaşlıqla bağlı sənədin, digər iqtisadi razılaşmaların da xüsusi əhəmiyyəti var. Bütün bunlar Bir Vətən olmağa doğru atılan addımlardır. Xatırladım ki, 2010-cu ilin avqust ayının 16-da, mən Azərbaycanda səfir olarkən iki ölkə arasında Strateji Əməkdaşlıq Sazişi imzalandı. Bu anlaşmanın imzalanmasında əməyim çoxdur. 10 il öncə imzalanmış sənədin meyvəsini indi görürük. Azərbaycanda türk əsgəri varsa, məhz həmin razılaşmaya görədir. Azərbaycan tərəfi istədiyi zaman öz ölkəsinə Türkiyə Silahlı Qüvvələrini dəvət edə bilər”. 

H.Kılıç Zəfər paradının onu həddindən artıq duyğulandırdığını söyləyib:

“Bayraqlarımızı yan-yana görmək, Azərbaycan və Türkiyə hərbçilərinin qürurlu keçişini izləmək, əhalinin coşqusunu, bütün o möhtəşəm mənzərəni seyr etmək insanda böyük ruh yüksəkliyi yaradır. Duyğulanmamaq əldə deyil. Parad əsnasında göz yaşlarımı saxlaya bilmədim. Dedim, Allahım, mən bu mənzərəni görməyi illərdir xəyal edirdim, hər zaman ağlımda, düşüncəmdə olan Azərbaycan-Türkiyə birliyi artıq reallaşmaqdadır. Azərbaycan mənim Vətənimdir. Türkiyədə necə çalışmışamsa, səfir olarkən Azərbaycanda da eyni ruhla fəaliyyət göstərmişəm. 2009-cu ildə gündəmə gələn Türkiyə-Ermənistan əlaqələrinə dair normallaşma protokollarının imzalanmaması üçün əlimdən gələni etmişəm. Hörmətli prezident İlham Əliyev məni ən yüksək mükafatla, “Dostluq ordeni” ilə təltif etdi”.