Azərbaycan çox gözləməyəcək: “Antiterror əməliyyatı...”

Bu günlərdə bir neçə erməni diversantlarının Ağdama daxil olması ilə bağlı informasiya yayılıb. Yayılan xəbərlə bağlı açıqlama verən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Anar Eyvazov bildirib ki, erməni diversantlarının Ağdama daxil olması ilə bağlı heç bir məlumat yoxdur.
Qeyd edək ki, bu məlumat yayıldıqdan sonra Ağdam səmasında iki ədəd qırıcı təyyarə də görünüb.



Hadisəni “Sherg.az”a dəyərləndirən millət vəkili Elman Məmmədov bildirib ki, bu gün Xocavənd, Xocalı və Ağdərə rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin müəyyən birləşmələri qalmaqda davam edir:

“Eyni zamanda cinayətkar və separatçı quruma aid olan terrorçu birləşmənin tör-töküntüləri də hələlik həmin ərazilərimizdə mövcuddurlar. Yəni tərkisilah edilməyiblər və torpaqlarımızda mövcud olmağa davam edirlər.

Onların tərksilah edilməsi missiyasını sülhməramlılar öhdəsinə götürüblər. Lakin onlar indiyə qədər bu işi görməyiblər, əksinə erməni separatçılarına müəyyən şərait yaradırlar.

Nə qədər ki, ərazilərimizdə qeyri-qanuni, Azərbaycana aid olmayan silhalı dəstələr, terror və təxribatçı qruplar var, deməli, belə hallara rast gələcəyik. İddialar var ki, erməni diversantları Ağdama gediblər. Təbii ki, onlar Ağdama tam şəkildə daxil ola bilməzlər.

Ümumiyyətlə, Ağdamın ərazisi çox böyükdür. Sadəcə Ağdamın Xocavanəd və Ağdərə rayonu ilə sərhəd olan ərazilərinə kiçik qruplar şəklində daxil ola bilərlər. Lakin onların da aqibəti bəllidir. Əvvəllər ölkəmizdə ələ keçən diversant qrupların aqibətindən də pis olacaq”.

Parlamentarı vurğulayıb ki, Birgə Monitorinq Mərkəzi bölgəyə həm hava, həm də yerdən nəzarət edir:

“Onlar nə hərəkət varsa, hamısını qeydə alırlar. Bu qeydə almadan sonra onların borcudur ki, həmin diversiya qruplarını yerindəcə məhv etsinlər. Çünki onlar cinayətkar və təxribatçı qruplardır.

Monitorinq Mərkəzi üzərinə düşən missiyanı yerinə yetirməyəndən sonra dövlətimiz öz qanunlarına və beynəlxalq qaydalara əsaslanaraq ərazisində olan terrorçu birləşmələri məhv etmək səlahiyyətinə malikdir.

Bu zaman Azərbaycan məcbur olacaq ki, öz ərazisində antiterror adı altında hərbi əməliyyatlar keçirsin. Bu, birmənalı olaraq belə olmalıdır. Yəqin ki, Azərbaycan, Rusiya və Türkiyə arasında bilmədiyimiz razılaşmalar var: yəni separatçı qruplar ərazilərimizdən necə çıxarılacaq, bu iş hansı dövlətin üzərinə düşür?

Azərbaycan çox gözləməyəcək. Müəyyən zaman sonra xəbərdarlıq etmədən ərazilərimizdə antiterror əməliyyatı keçirib, quldur dəstələrini məhv edəcəyik”.