Sonuncu Qarabağ müharibəsində biabırçı formada məğlub olmalarına baxmayaraq, ermənilər hələ də qisasdan danışırlar. Daxildəki revanşist qüvvələr torpaqların tarixi sahiblərinə qayıtması ilə heç cür barışa bilmirlər. Bu isə o deməkdir ki, məsələyə hələ də nöqtə qoyulmayıb. Yəni növbəti savaşın başlanması ehtimalı var. Lakin rahatıq.
Çünki bizim bir ölən, yüz doğulan qəhrəmanlarımız kifayət qədərdir. Onların müəyyən hissəsini 44 günlük hərbi əməliyyatlarda tanıdıq. Belə igidlərdən biri də 1994-cü il təvəllüdlü Mirzə Süleymanovdur.
O, 2012-ci il orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. N saylı hərbi hissədə qulluq edib. 2014-cü ildə isə ehtiyata buraxılıb. Və düz altı il sonra yenidən hərbi forma geyinib.
Ana vətən minlərlə digər oğlu kimi onu da çağırıb. Müsahibimiz “Sherg.az”a açıqlamasında çox ciddi çətinliklərdən keçdiyini söylədi:
“Sentyabrın 21-də N saylı hərbi hissədə təlimlərə göndərildim. 6 gün sonra isə siravi əsgər kimi, sürücü vəzifəsində torpaqların azad olunması uğrunda döyüşlərə başladım.
Füzuli istiqəmətində hərəkətə keçdik. Cəbrayıl, Hadrut, Xocavənd, Daşaltı, Şuşa və Laçında gedən ağır döyüşlərdə iştirak etdim. Döyüşlərə girməzdən əvvəl bizə içində adlarımızın yazıldığı gilizlər paylanmışdı. Yalnız o zaman müharibənin başlandığını başa düşdüm. Füzulinin Alxanlı kəndindəki döyüşlər çox ağır idi. Ölümümü göz önünə almışdım. Lakin digərləri kimi mən də qorxmadan, cəsarətlə irəliləyirdim. Atdığımız hər addım düşmənə göz dağı idi”.
O, həmçinin döyüş yollarını təsvir etdi:
“Dediyim kimi, ən çətin hərbi əməliyyatlar Füzulidə oldu. Yoldaşlarımız gözümüz qabağında yaralanır, şəhadətə qovuşurdu. Amma həvəsdən düşmürdük. Müvafiq tapşırıqları aldıqdan sonra Cəbrayıl istiqamətində hərəkətə başladıq.
Hər saniyəmiz ölüm idi. Ardınca Xocavənd rayonunun Tuğ kəndinə, sonra isə Topxana meşəsi ilə Daşaltıya doğru getdik.
Düşmənin həmin yolu ağır artilleriya ilə atəşə tutmasına baxmayaraq, əsla qorxmurdum. Gecə- gündüz bilmədən xidmət etmişəm. Ali Baş Komandanın qələbə xəbərini eşidəndə sevincimin həddi-hüdudu yox idi.
Şəhid qardaşlarımız üçün nə qədər kədərlənirəmsə, tarixi zəfərimizə görə də bir o qədər sevinirəm”.