Şəhid Emin İsmayılovun ailəsi ziyarət olunub
“Fon” İnsan Resurslarının İnkişafında Dəstək İctimai Birliyinin Qarabağın sosial, iqtisadi, mədəni infrastrukturunun bərpası yönündə başlatdığı “Fon Qarabağ” hərəkatı layihəsi çərçivəsində Böyük Vətən savaşında canlarını torpağının bütövlüyü naminə fəda edən qəhrəman şəhidlərimizin ailələrini ziyarət etməkdə davam edirik. Bu dəfə birliyin üzvü Elyanə Akifqızı ilə evin yeganə övladı olan şəhid Eminin ailəsi ilə görüşmək qərarına gəldik. Əslən Cəbrayıldan olan kiçik çavuş İsmayılov Emin Tahir oğlu 21 may 2001-ci ildə Bakı şəhəri Nəsimi rayonunda anadan olub və rayonun 54 saylı orta məktəbini bitirərək həqiqi hərbi xidmətə yollanıb. Evin tək övladını şəhid vermiş ananı ziyarət etmək nə qədər çətin olsa da borcumuzu yerinə yetirməliyik. Qapını Eminin xalası Sücaət xanım açır. Sonra Məlahət anayla görüşürük. Gəlişimizə çox sevinirlər və bizi aylardır gözləyirlərmiş kimi qarşılayırlar. Söhbətimiz olduqca isti, səmimi başlayır və o qədər mehriban ünsiyyət yaranır ki, artıq bir neçə saat davam edən görüşü yekunlaşdırmağa belə çətinlik çəkirik.
Emin körpə ikən atasını itirir və Məlahət xanım müxtəlif işlərdə çalışaraq oğlunu min-bir əziyyətlə təkbaşına böyütməli olur: “Uşaqlar həyətdə oynayanda Emin butulka, dəmir yığırdı, paketçi, ofisiant işləyirdi. Bir dəfə məktəbdə valideyn iclasında dedilər ki, Emin dərsdən tez çıxır. Sən demə, işləməyə gedirmiş. Dərslərini çox yaxşı oxuyurdu. Onu hazırlığa da qoymuşdum. Bir gün gəldi ki, ana, mən hazırlığa getmək, universitetə qəbul olmaq istəmirəm. Hazırlığın pulu, dörd il təhsil, geyim, yol xərcləri var. Mənə görə bu qədər əziyyətə qatlaşmağına razı ola bilmərəm. İşləyib sənə kömək edəcəm. Beləcə, doqquzuncu sinfi bitirib işləməyə başladı. Hər bir ana ilə bala arasında söz-söhbət olur. Amma Emin bir dəfə ananın üzünə ağ olmadı, haqsız olsam belə xətrimə dəymədi”.
Danışdıqca Məlahət xanımın gözəl simasından yaş sel kimi axıb qara paltarının yaxasına tökülür. Sözlər, səslər boğazımda düyünlənib qalır. Nə deyəsən, necə edəsən? Yeganə övladı şəhid olan qırx yeddi yaşlı anaya hansı təsəllini verəsən? Yoxdur o təsəlli. Yoxdur o söz...
Məlahət xanım deyir, Emin çox istiqanlı, dostcanlı idi: “Son iş yeri maşın yuma məntəqəsi oldu. Orada çalışdığı müddətdə tək özü, anası üçün deyil, imkansız tanışları, dostları, qohumları üçün də əl tuturdu. Bir imkansız qonşu mənə Eminin onlara bazarlıq etdiyini deyəndə oğlumla daha da qürur duydum. Mərd, səxavətli oğul böyütdüyüm üçün fəxr elədim. Əsgərlikdən zəng edəndə deyirdi ki, ana, darıxma. Gəlib sənə gözəl həyat yaşadacam, səni daha əziyyət çəkməyə qoymayacam”.
Məlahət xanım danışdıqca gözlərindən yaş bulaq kimi çağlayır. Qəhər məni boğsa da, göz yaşımı gizləməyə çalışıram. Amma təkcə göz yaşımı yox, elə özümü də. Evin tək övladını itirəndən sonra yaşamağın mənasız olduğunu deyən ananın gözünün önündəcə yoxa çıxmaq istəyirəm.
“Bir axşam gördüm ki, kiminləsə yazışır. Heç ağlıma gəlməzdi ki, Eminin istədiyi qız ola bilər. Axı, o mənim gözümdə hələ də böyüməmişdi. Əsgərliyə getməmişdən bir neçə gün qabaq dedi ki, ana, bir qız var, səni görmək istəyir. O qədər sevindim ki. Dedim, anan qurban sənə də, sənin istədiyin qıza da. Ayın 1-i hərbi xidmətə getməli idi. Həmin gün həm də mənim ad günüm olduğundan hərbi komissarlıqdan icazə aldı ki, bir yerdə qeyd edək. Sevdiyi qız da anası ilə gəlmişdi. Bir-birimizə hədiyyələr almışdıq. Emin ayın üçü hərbi xidmətə getdi və məzuniyyətə gələndə bu dəfə biz qızın evinə qonaq getdik. Danışdıq, güldük. Kim bilirdi belə olacaq? Qız da, anası da dəfələrlə gəlib yanıma. Mən o qıza xoşbəxtlik arzulayıram. Kaş bir körpəsi, bir nişanəsi qalaydı. Təsəllim olardı...”
Xalası Sücaət xanımın oğlu Elvin silahdaşlarının xatirələrini bizimlə bölüşür:
“Emin həm ayağından yaralandığına, həm də evin tək övladı olduğuna görə döyüş meydanından çıxmaq əmri alsa da, geri qayıtmaqdan imtina edir. Deyirmiş ki, ayağımdan axan kişi qanıdı. Bu məsələ birdəfəlik çözülməlidir! Emin idmanla məşğul olurdu, cüssəli idi. Ona iki “Morfi” iynəsi vurulandan sonra axsaya-axsaya döyüşərək irəli gedir. Rabitəçi olaraq həm də ağır rabitə qurğusunu daşıyırmış. Adını çəkmək istəmədiyim zabit danışır ki, döyüşün qızğın yerində birdən Emin tərəfdən bərk səs gəlir. Soruşuram, deyir hər şey yaxşıdı. Amma dönüb baxanda görürəm ki, qolunu qan aparır. Buna baxmayaraq boynuna almır, deyir, yaralıların qanıdı. Elə o vəziyyətdə hər iki qoluyla hərəkət edirdi, həm qurğunu daşıyır, həm də bizə ruh vermək üçün zarafatla “Hardasan, Paşinyan?”, “Noldu, Paşinyan?” deyə-deyə döyüşürdü. Bir anlıq çiskin düşür, Emin gözdən itir. Onun getdiyi istiqamətdə olduqca ağır atışma olmuşdu. Komandiri Tağıyev Elçinin arxasınca gedir və bir daha geri qayıtmır. Emini sonuncu dəfə elə həmin 6 oktyabrdakı döyüşdə görmüşdülər...”
Xalası Sücaət xanım danışır:
“Onun itkin xəbərini anası özünə yaxın buraxmırdı. Deyirdi, mənim oğlum şəhid ola bilər, itkin ola bilməz. 27 sentyabır döyüş başlayanda Emin yolda əsgər yoldaşlarına zarafatla deyirmiş ki, evə dönməyinə dörd ayın qalmış gedib şəhid olasan. Sanki ürəyinə damıbmış”.
Məlahət ana deyir, əvvəllər yolumun üstündəki uşaq paltarları dükanına girib Eminin doğulacaq oğluna, qızına paltarlar bəyənərdim. İndi o dükanların qabağından tez keçirəm ki, görməyim.
Nur üzlü şəhid anasının gözündən yaş bulaq kimi çağlayır. Sonra oğlu haqqında hansısa xatirəni xatırlayıb gülümsəyir. Gözünün yaşını tələsik silərək daha böyük həvəslə yenə başqa bir hadisəni danışmağa çalışır. Sanki qorxur oğlu ilə bağlı hansısa məqam unudula. İstəyir maddi sıxıntı ucbatında yaşamadığı uşaqlığından tutmuş onu gördüyü son ana qədər Eminlə bağlı hər şeyi kino lenti kimi yaddaşımıza köçürsün.
Məlahət xanım Eminin fotolarından ibarət albomları bizə göstərir. Xatirələr bitmir və biz də bu yaraşıqlı, mərd igid haqqında söhbətdən yorulmuruq. Ananı çox incitməmək üçün qalxırıq. Amma sonra yenə nəsə düşür yadına. Bir az da ayaqda sevərək dinləyirik ananı. “Getməyin, oturun yemək hazırlayım”, deyir. “Əziyyət çəkməyin”, deyə qapının çıxışına yaxınlaşırıq. “Bizdən istədiyiniz bir şey varmı?”, deyə soruşuruq. “Tez-tez gəlin və Emini tez-tez xatırladın”, söyləyir ana. “Mütləq!”, deyə söz veririk. Xalası Sücaət xanımla bir-birimizə əlaqə nömrələrimizi yazıb görüşürük. Məlahət ananın əllərindən öpüb qucaqlayıram. Nəsə demək üçün sürətli fikirləşirəm, amma deyəcək söz tapmıram. Sanki bütün sözləri yaddaşımdan silmişdilər və bayaqdan ananın hər düşən göz yaşının sinəmə saldığı közün ağrısına dözə bilməyib ağlayıram.
İsmayılov Emin Tahir oğlu döyüş əməliyyatlarını yüksək peşəkarlıqla yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif edilib. II Fəxri Xiyabanda dəfn edilib.
Uca məqamında yerin rahat, ruhun şad olsun gənc igid!
Feyziyyə Soltanmurad