Şəhid mayorun bacısı: “Düşmənlə üz-üzə gəliblər, 70-dən çox erməni meyiti...”

“Qızğın döyüş olub. Qardaşım əsgərlərini qorumaq üçün PK ilə irəli atılıb və gülləsi bitənədək döyüşüb”


Məhəmməd Fizuli hələ əsrlər əvvəl yazırdı: “Ya şəhid olmaq gərək, ya intiqam almaq”. Biz Vətən müharibəsində həm şəhid verdik, həm də intiqam aldıq. Əslində elə həmin qəhrəmanlarımız sayəsində qisasımızı ala, ərazi bütövlüyümüzü təmin edə bildik. Onlar torpaq uğrunda qan tökdülər, can verib, can aldılar. İndi hər biri cənnətdə, ruhları isə Qarabağdadır. Mayor Müseyib Zeynalov da 44 günlük hərbi əməliyyatlarda şəhidlik şərbətini içdi. Bu igid 1978-ci ildə Salyan rayonunda anadan olub.

1992-c ildə C. Naxçivanski adına hərbi liseyə qəbul olub və dörd il sonra oranı bitirib. 2000-2003-cü illərdə Gəncə və Murovda yerləşən N saylı hərbi hissədə taqım komandiri vəzifəsində xidmətini yerinə yetirib. Minlərlə peşəkar zabitin yetişməsində rolu olub. Bu illər ərzində 3-cü dərəcəli, 2-ci dərəcəli və 1-ci dərəcəli qüsursuz xidmətə görə medalları ilə təltif olunub.

 Cənab mayorun bacısı Ulduzə xanım qardaşının döyüş yolu barədə “Sherg.az”a danışdı: 

“Sentyabrın 29-da müharibəyə yola düşdü. Mənim xəbərim yox idi. Bu barədə bacımdan eşitdim. Tez qardaşıma zəng vurdum. Dedi ki, narahat olma, hər şey yaxşıdır. Özümü saxlaya bilməyib, ağladım. Sözlər boğazımda ilişib qaldı. Elə bil, nəsə olacağı ürəyimə dammışdı. Bir neçə dəfə danışa bildik. Biz zəng edəndə telefonu sönülü olurdu. Ardınca özü zəng edirdi. Sonralar mən səsini eşidə bilmədim. Amma anamla danışırdı. Müseyib general Polad Həşimov şəhid olduğu gün özünə yer tapa bilmirdi. Çox darıxırdı. Çünki Aprel döyüşlərində birlikdə vuruşmuşdular. Qardaşım general-mayor barədə həmişə fərəhlə, ağızdolusu danışırdı. Həmin hərbi əməliyyatlardan sonra istefaya çıxmışdı. Amma müharibə başlayanda dayana bilmədi və yenidən mundir geyindi”.

Ulduzə xanımın sözlərinə görə, mayor müharibədə böyük qəhrəmanlıq göstərib: 

“Sonuncu dəfə oktyabrın 29-da əlaqə saxladıq. Anama Qubadlıda olduğunu dedi. Söylədi ki, buralar çox gözəldi, müharibədən sonra ev alıb, yaşayarıq. Daha xəbər tuta bilmədik. Sadəcə qızğın döyüşlər getdiyi və Müseyibgilin dəstəsinin şəhid olması ilə bağlı məlumat yayılırdı. İnanmırdıq.

Demə, həqiqət payı var imiş. Eşitdiyimizə görə polkovnik-leytenant Nail Orucovla birlikdə dəstəyə rəhbərlik edibmiş. Minomyot atəşi nəticəsində həmin komandir şəhid olduqdan sonra qardaşım komandaya tək başına rəhbərlik edib.

Təpələrdən birində ermənilərlə qarşı-qarşıya gəliblər. Qızğın döyüş olub. Qardaşım əsgərlərini qorumaq üçün PK ilə irəli atılıb və gülləsi bitənədək döyüşüb. Minomyot partlaması ilə şəhadətə qovuşub. Biz bu xəbəri noyabrın 5-də bildik. Düz beş gün neytral ərazidə qaldıqdan sonra, nəhayət, kömək qüvvə gəlib və çıxarılıb. Ətrafında 70-dən çox erməni meyiti sayıblar. O, çox gülərüz insan idi. Beş bacının bir qardaşı, arxamız, dayağımız idi.

Qardaşım Aprel döyüşlərində fədəkarlığı nəzərə alınaraq “Qüsursuz xidmətə görə”  medalı ilə təltif olunmuşdu. Ölümündən sonra isə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarına layiq görülüb”.