Böyük qayıdış: “Prezidentin səfəri dünyaya mesajdır”

Dünən Prezident İlham Əliyev,  Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva  Füzuli, Xocavənd rayonlarında olublar. Ölkə başçısı səfər zamanı bir sıra mühüm məqamı diqqətə çatdırıb. Eyni zamanda Hadrut qəsəbəsində də olublar. Ali Baş Komandan Hadrutun necə azad edildiyi barədə danışıb:


“Hadrut qəsəbəsinin işğaldan azad edilməsi böyük əhəmiyyətə malik olan bir əməliyyat idi. Çünki Cəbrayıl rayonundan, Cəbrayıl şəhərindən sonra Hadrutun azad edilməsi hərbi əməliyyatlarımızın davam etdirilməsi üçün xüsusi əhəmiyyətə malik olan hadisə idi.
Hadrutun azad edilməsindən sonra biz Şuşaya istiqamət götürdük. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Yenə də düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq biz Şuşanı işğalçılardan azad etdik. Ona görə Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq”.



Millət vəkili Müşfiq Məmmədli “Sherg.az”a açıqlamasında bildirib ki, cənab Prezidentin ailə üzvləri ilə birlikdə işğaldan azad edilmiş torpalarımıza növbəti səfəri çox yaddaqalan oldu:

“Ölkə başçısı Hadrut qəsəbəsinin azad edilməsində ordumuzun göstərdiyi qəhrəmanlıqların dünya hərb tarixinə qızıl hərflərlə yazıldığını qeyd etdi. Ali Baş Komandanın “Dəmir yumruğu” ətrafında birləşmiş xalq, son texnologiyalar ilə silahlanmış və hər kəsi heyrətə salacaq əməliyyat mexanizmlərini həyata keçirən ordunu gördük. Həqiqətən də 30 il ərzində həyata keçirilmiş islahatlar, ordunun yenidən qurulması qələbəmizin əsas qüvvəsi oldu.
Hadrutun azad olunmasının özəlliyi ondan ibarət idi ki, Azərbaycan XTQ-lər və pilotsuz uçuş aparatları ilə birlikdə qısa müddət ərzində düşmənin çoxsaylı qüvvəsini və texnikalarını sıradan çıxartdı. Beləliklə, ermənilər mat vəziyyətə salındı. Hadrut dünya hərb tarixində özünməxsus və zərgər dəqiqliyi ilə həyata keçirilmiş əməliyyat idi”.

Parlament üzvü vurğulayıb ki, cənab Prezidentin bu səfərdə səsləndirdiyi fikirlər xüsusi önəm kəsb edir:

“Ölkə başçısı istər Azıx mağarasında, istərsə də Tuğ qəsəbəsində olarkən söylədikləri çox mühümdür: “Bu torpaqlar ermənilərin olsaydı, yaşayış məntəqələri belə vəziyyətə salınardı?”.

Uçuq-sökük məktəb binası və digər mədəni obyektlərin qalmaması ilə ermənilərin torpaqlarımızı işğal etdiyi, özgə mülkiyyətinə daxil olduqları bəlli olur. Prezident və ailə üzvlərinin səfəri zamanı erməni vandallarının qaniçən və oğru olduqları dünya ictimaiyyətinə bəlli oldu.

Səfər bir daha onu göstərdi ki, Azərbaycan öz torpaqlarını azad edib və quruculuq işlərinə başlayıb. Bütün bunlar ölkəmizin Cənubi Qafqazın qurucu, yaradıcı və ən aparıcı dövləti olduğunu sübut etdi. Artıq Cənubi Qafqazda yeni konfiqurasiyanın formalaşmasına təkan verən və geostrateji məkanda isə söz sahibi olan bir dövlətik. Azərbaycanın işğaldan azad edilmiş torpaqları sürətlə inkişaf edəcək və həmin ərazilərə böyük qayıdış olacaq.

Prezident bu səfəri də qeyd etdiyimiz proseslərin dünya ictimaiyyətinə bir bəyanıdır”.