Malayziya Pxenyanın Kuala Lumpur ilə diplomatik münasibətləri kəsdiyinə görə Şimali koreyalı diplomatların ölkəni tərk etmələrini tələb edib.
AZƏRTAC xəbər verir ki, martın 19-da Koreya Dövlət Mərkəzi İnformasiya Agentliyinin yaydığı bəyanata görə, Şimali Koreya Malayziya hökumətini çirkli pulları yumaqda şübhəli bilinən vətəndaşını ABŞ-a təhvil verdiyinə görə düşmənçilikdə təqsirləndirib və bu ölkə ilə diplomatik əlaqələri kəsdiyini bəyan edib.
Həmin gün bir qədər keçmiş Malayziya hökuməti də bəyanat yayaraq, Şimali Koreyanın hərəkətlərini “qeyri-dostluq və qeyri-konstruktivlik” adlandırıb. Bundan sonra Şimali koreyalı diplomatlardan və onların ailə üzvlərindən 48 saat ərzində ölkəni tərk etmələri tələb olunub.
Bildirilir ki, martın 20-də Şimali Koreyanın Kuala Lumpurdakı səfirliyində diplomatların ölkəni tərk etməsinə hazırlıq getdiyini təsdiq edən hərəkətlər müşahidə olunub.
Qeyd edək ki, Malayziya Şimali Koreya ilə dostluq münasibətlərinə malik idi. Lakin Şimali Koreyanın lideri Kim Çen Inın qardaşı Kim Çen Namın 2017-ci ildə Kuala Lumpur aeroportunda qətlindən sonra bu münasibətlərdə soyuma müşahidə edilib. Səbəb kimi Şimali Koreyanın qətlin istintaqına yardım etməkdən imtina etməsi göstərilir. Bundan sonra iki ölkə arasında münasibətlər gərgin olaraq qalıb.