Nazirin göstərişinə SÖZARDI: “Zəngəzur dəhlizi ilə bağlı müqavimət...”

“10 noyabr üçtərəfli bəyanatın bəndlərinin həyata keçirilməsi də mühüm məqamlardan biridir”

“Hələ bu anlaşmanın bir neçə bəndi, xüsusilə 4-cü və 9-cü bəndi icra olunmayıb. Ermənistan və onun havadarları buna mane olurlar”

  “Azərbaycan Ordusu daim yüksək döyüş hazırlığı vəziyyətində olmalıdır”



Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Z.Həsənov müşavirə zamanı son günlər Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində yaranmış vəziyyəti təhlil edib. O, əməliyyat şəraiti ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarını və qarşıya qoyduğu vəzifələri müşavirə iştirakçılarına çatdırıb.

Xidməti-döyüş fəaliyyətinin təşkili ilə bağlı məsələləri xüsusi qeyd edən Müdafiə naziri düşmən təxribatlarının qarşısının alınması ilə bağlı azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrin komandanlığına qətiyyətli addımların atılması və çevik tədbirlərin görülməsini tapşırıb.

Keçmiş milli təhlükəsizlik nazirinin müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin “Sherg.az”a açıqlamasına görə, silahlı qüvvələrimizin daim hazırlıqlı olması mühüm nüanslardan biridir:

“Azərbaycan İkinci Qarabağ savaşından qalib çıxsa da, müharibə hələ tam bitməyib. Müharibənin sona çatması üçün Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmalıdır, hələlik isə belə bir saziş yoxdur. Ərazilərimizin, həmçinin sərhədlərimizin bir hissəsi hələ də rus-erməni birləşmələrinin işğalı altındadır. Digər bir məqam hələlik Azərbaycan-Ermənistan arasında dövlətlərarası sərhədlərin delimitasiya və demarkasiya olunmamasıdır. Bu da istər-istəməz əlavə gərginliklərin yaranmasına səbəb olur. 10 noyabr üçtərəfli bəyanatın bəndlərinin həyata keçirilməsi də mühüm məqamlardan biridir. Hələ bu anlaşmanın bir neçə bəndi, xüsusilə 4-cü və 9-cü bəndi icra olunmayıb. Ermənistan və onun havadarları buna mane olurlar”.  

S.Əkbərin sözlərinə görə, Rusiya hələ ki erməni birləşmələrini Qarabağdan çıxartmayıb, Zəngəzur dəhlizinin açılması ilə bağlı müqavimət göstərməkdə davam edirlər:

“Ermənistandakı seçki kampaniyasının çox sərt və aqressiv şəkildə olduğunu və bölgədəki yeni vəziyyətdən narazı olan xarici qüvvələrin də təxribatlara maraq göstərdiyini nəzərə alsaq, Azərbaycan Ordusu daim yüksək döyüş hazırlığı vəziyyətində olmalıdır. Bu, indiki halda yalnız milli ordumuz üçün deyil, bütün silahlı qüvvələrimiz üçün norma olmalıdır”.