"QIRMIZI XƏTT": “Delimitasiya və demarkasiya prosesi...”

Prezident İlham Əliyev Ağdam şəhərində ictimaiyyət nümayəndələri ilə görüşdə mühüm məqamlara toxunub. Prezident bəyan edib ki, biz öz sərhədlərimizi bundan sonra möhkəmləndirəcəyik, dövlət sərhədində möhkəmlənəcəyik.
Dövlət başçısı, həmçinin bildirib ki, heç kim bizə təzyiq edə bilməz: "İndi bəzi ermənipərəst ölkələr, dairələr hansısa açıqlamalar verirlər. Versinlər, onların öz işidir. Avropa Parlamenti növbəti dəfə saxta faktlar əsasında qətnamə qəbul edib. Mən heç ona fikir vermirəm. Sizə də məsləhət görmürəm, Azərbaycan xalqına da məsləhət görmürəm. Bunlar hamısı əhəmiyyətsiz şeylərdir”.

 Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli dövlət başçısının sözügedən mesajının əhəmiyyətini “Sherg.az”a şərh etdi: “Dövlət rəhbərliyinin müəyyənləşdirdiyi xətt aydındır: 

“10 noyabr üçtərəfli razılaşmasının tələblərinin reallaşdırılması, həmçinin delimitasiya və demarkasiya prosesinin həyata keçirilməsi. Ermənistan Qərb dairələrini Azərbaycana qarşı qaldırır və bunun üçün bütün imkanlardan istifadə edir. Bizim “qırmızı xəttimiz” isə sərhədlərimizin müəyyənləşdirilməsidir. Hansısa qüvvə bu işə mane ola, bizi yolumuzdan eləyə bilməz. Dövlət başçısının ismarıcının daha bir əhəmiyyəti isə budur - Avropanın insan haqları, demokratiya ilə bağlı mövqeyi niyə 30 ildə işə düşmədi? Azərbaycan beynəlxalq hüququn və BMT qətnamələrinin tələblərini özü icra etdi. Prezidentin də dediyi kimi, Qərbdən gələn təsirlər əhəmiyyətsizdir. Azərbaycanın müttəfiqləri isə təkcə bəyanat səsləndirənlər deyil. Bəzi neytral  ölkələrin davranışları da bizim xeyrimizədir. Dövlət başçısının həmin sözləri məhz Ağdamda deməsi isə xüsusi əhəmiyyətlidir. “Böyük qayıdış” proqramında iştirak edən müttəfiqlərimiz, o cümlədən Türkiyə, İtaliya milyardlar qazanacaq, bəs riyakar, naxələf dövlətlər?! Bax, əsas məsələ budur!”.