Paşinyan gələcəyin “xəritəsini cızır”: “Kommunikasiyaların bərpası qaçılmazdır”

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ölkə vətəndaşlarını Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası, habelə regional yolların və kommunikasiyaların açılmasından qorxmamağa çağırıb. O, bildirib ki, bu yollar Ermənistan iqtisadiyyatı üçün Gürcüstan və İranla olan magistrallar qədər önəmlidir.

“Bu yollarla əcnəbilərin, məsələn azərbaycanlıların hərəkət etməsi problemdirmi? Siz bilirsiniz, İranın şimalında və Gürcüstanla sərhəddə azərbaycanlılar yaşayır. Ermənistana çox sayda azərbaycanlılar səfər edir. Bu gün də vəziyyət belədir, hərçənd bu barədə açıq şəkildə danışılmır. Ötən 30 ildə də və elə həmişə də belə olub”, -deyə Paşinyan Ararat vilayətinin Aparan şəhərində sakinlərlə görüş zamanı qeyd edib.
Onun sözlərinə görə, Moskvada imzalanmış 9 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaya əsasən, ilk növbədə SSRİ dövründə mövcud olan dəmiryolları şəbəkəsi bərpa olunacaq. Avtomobil yollarının açılması məsələsi isə sonradan həll ediləcək .

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Paşinyanın bu açıqlamasını “Sherg.az”a şərh etdi: 

“Digərləri kimi, o da seçkiqabağı mərhələdə müxtəlif bəyanatlar səsləndirir. Amma deyilənlərin icrası vaxt tələb edəcək. Ümumiyyətlə, məncə, bu mövzu hələ aktual deyil. Paşinyan gələcəyin “xəritəsini cızır”. İctimaiyyətə çatdırır ki, münasibətlərin düşmənlikdən başqa formaları da var və xalqı buna hazırlayır. Əlbəttə, əbədi sülh yaransa, düşmən dövlətlər, xalqlar olmayacaq. Beləliklə, kommunikasiyaların bərpası qaçılmaz varianta çevriləcək”.