Deputat:“İskəndər- M” məsələsi yenə də örtülü qaldı”

Son vaxtlar Azərbaycan-Ermənistan sərhəddində yaşanan gərginliklər bir çox məsələnin gündəmdən düşməsinə şərait yaratdı. Məsələn, ermənilərin sərhəddəki təxribatlarından öncə “İskəndər M” raketi ilə bağlı mövzu xeyli aktual idi. Bu məsələdə xüsusilə Rusiya tərəfinin əli olduğuna dair bəzi iddialar, hətta konkret faktlar ortaya çıxsa da, nədənsə müzakirələrə son verildi.

Aydın məsələdir ki, Rusiyanın bölgədə yürütdüyü siyasət maraqlarımıza cavab vermir. Bu baxımdan şimal qonşumuzun “İskəndər M”lə bağlı məsələnin ört-basdır edilməsi üçün əlindən gələni edəcəyinə dair faktlar inandırıcıdır.



Millət vəkili Elman Məmmədov mövcud durumla bağlı fikirlərini “Sherg.az”la bölüşüb.Parlamentari qeyd edib ki, bir zamanlar “İskəndər M”lə bağlı məsələ aktuallaşdı, hətta Rusiya və Azərbaycan dövlət başçılarının səviyyəsində müzakirə olundu:

“Dövlətimiz  bu məsələ ilə bağlı ortaya konkret tələb qoydu ki, baş verənlərə cavab verilsin. Lakin Rusiya tərəfindən qanedici izahlar olmadı. Düzgün cavabdan yayındılar. “İskəndər-M” raketinin necə və haradan atılması barədə dəqiq məlumat olmadı, məsələ yenə də örtülü qaldı. Ancaq günahkar tərəflər dövlətimizin qarşısında aciz duruma düşdülər. Açıq olmasa da, günahları olduğunu bir növ etiraf etdilər. Arzu edək ki, bir daha Azərbaycana qarşı bu cür məkrli siyasət həyata keçirilməsin.

Qonşu dövlətlərlə əməkdaşlıq ediriksə, tərəflərin heç biri qeyri-səmimi, riyakar və saxtakar olmamalıdır, sözü ilə əməli üst-üstə düşməlidir. Azərbaycan əməkdaşlıq etdiyi istənilən dövlətə qarşı səmimidir və qarşı tərəfdən də belə münasibət gözləyirik.

Lakin çox zaman bunun şahidi olmuruq. Dost və əməkdaş olduğumuzu deyirlər, amma arxamızdan başqa işlər çevirirlər. Məsələn, qonşu İran bizimlə əməkdaşlıq haqqında söhbətlər aparır, bu yaxınlarda XİN başçısı da Azərbaycana gəldi, müxtəlif sahədə əməkdaşlığın davamı müzakirə edildi. Lakin mətbuatı izləyəndə görürük ki, İran ermənilərə humanitar yardımlar edir. 44 günlük müharibədən əvvəl və müharibə dövründə Ermənistana daimi olaraq silahlar göndərirdilər. Bu münasibət şimal qonşumuz Rusiyaya da aiddir. Gərək münasibətdə səmimi və düzgün olasan, riyakarlığa yol verməyəsən. Ona görə də belə məqamlarda çox diqqətli olmalıyıq”.