Xəzərdəki partlayışla bağlı: "Cəmiyyətdə xof yaratmaq üçün..."-AKTUAL

Xəbər verdiyimiz kimi, dünən Xəzər dənizində güclü partlayış baş verib. bununla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən dərhal müvafiq araşdırma işlərinə başlanılıb.


Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, ilkin araşdırma zamanı dənizdə neft-qaz hasilatı, digər sənaye və nəqliyyat infrastrukturlarına aid obyektlərdə hər hansı fövqəladə hadisənin baş vermədiyi müəyyən olunub.

Baş verən hadisə bəzi suallara səbəb olub. Müəyyən iddialar var ki, Xəzərdə yaşananlar təxribatın nəticəsidir. Burada xüsusilə Rusiya və İranın adı çəkilir. Maraqlıdır, sözügedən partlayışda hansı ölkənin əli var?.

Sualımızı cavablandıran “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a vurğulayıb ki, mövcud iddialar böyük ehtimalla şaiyələrdən başqa bir şey deyil:

“Həmin iddiaların yayıldığı vaxt ümumiyyətlə, nəyin partladığı belə, məlum deyildi. Əgər, nəyin partladığı məlum deyildisə, həmin iddiaların müəllifləri kimin partlatdığını haradan bilə bilərdilər? Onların iddiaları doğru olsaydı, əvvəlcə partlayan obyekt barədə məlumat verməli idilər. Halbuki, bunların heç birisi baş vermədi.
Sonradan məlum oldu ki, baş verən hadisə hansısa obyektin partlaması deyil, palçıq vulkanının partlamasıdır. Yəni, sadəcə, təbiət hadisəsidir”.

E.Xalidbəyli qeyd edib ki, şayiə xarakterli iddiaların yaranmasında iki əsas səbəb ola bilər:

“Birincisi, əlaqədar dövlət qurumları uzun müddət baş verən olayları normal informasiya ilə izah edə bilmədi. Hətta ziddiyyətli və bir-birini təkzib edən məlumatlar yaydılar. Bu da dövlət qurumlarına rəhbərlik edən bəzi şəxslərin qeyri-peşəkar olduğunu göstərir. Onların belə hadisələrə hazır olmadığından və ekstremal situasiyaları idarə etmək qabiliyyətinə malik olmadıqlarından xəbər verir.
Digər səbəb isə baş vermiş hadisələri fürsətə çevirmək üçün pusquda məqam gözləyənlərin mövcudluğu ilə bağlı ola bilər. Heç kimə sirr deyil ki, ölkədə panik durum yaratmaq üçün məqam gözləyənlər var. Böyük ehtimalla belə məqam gözləyənlər bu dəfə də məlumatsızlıqdan, daha sonra isə ziddiyyətli rəsmi açıqlamalardan faydalanmağa çalışdılar. Rusiya və İran ilə bağlı əsasız iddialar ortaya atmaqla, geniş şayiə mühiti yaratmağa cəhd göstərdilər. Yəqin ki, əsas məqsəd Azərbaycan vətəndaşları arasında xof, qorxu, xaos yaratmaq idi. Ancaq baş tutmadı.
Bununla belə, hüquq-mühafizə orqanlarının məqsədli şayiə yayma cəhdlərinin araşdırması lazımdır. Eyni zamanda, hökumət öz fəaliyyətini təkmilləşdirməlidir. Belə ekstremal hadisələr baş verərkən, dərhal cəmiyyətə operativ məlumat verməyə çalışmalıdır. Müasir texnologiyaların hökm sürdüyü şəraitdə yalnız dəqiq və operativ məlumatlandırma ilə şayiə texnologiyasının qarşısını almaq mümkündür”.