Yayılan məlumata görə, Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan yekun sülh müqaviləsini imzalamağa hazır olduğunu deyib. Ola bilsin, əvvəllər olduğu kimi, yenə də “quyruğu qapı arasında qalıb”. Hərçənd siyasətçi əvvəllər də bir neçə dəfə oxşar bəyanatlar səsləndirmişdi. Təki bu dəfə sözünün üstündə dursun. Əlbəttə, bu, özlərinə lazımdır. Əks halda daha vəd verməyə macalı da qalmayacaq...
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bu barədə “Sherg.az”ın suallarını cavablandırdı:
- Yekun sülh müqaviləsinin imzalanması nə qədər realdır?
- Bu, gec-tez olacaq. Başqa alternativi yoxdur. Yekun sülh müqaviləsi Azərbaycanla Rusiya prezidentləri arasındakı görüşdən sonra daha da aktuallaşdı. Ermənistan dövlət siyasətindəki anti-Azərbaycan mövqe məlumdur. Lakin, fikrimcə, Paşinyanın ətrafındakı ictimai-siyasi mühit və rəsmi Bakının artan təzyiqləri İrəvana başqa yol qoymur. Hərçənd bu, Paşinyana asan başa gəlməyəcək.
- Niyə?
- Cəmiyyət, revanşistlər yükun sülh müqaviləsinin əleyhinədirlər. Onlar bunu Ermənistan üçün faciə hesab edirlər. Bu baxımdan, İrəvan yekun sülh müqaviləsini imzalamağa məcbur imiş kimi fon yaradılmalıdır.
- Deməli, təxribatlar səngiyəcək?
- Lokal toqquşmalar davam edə bilər. Lakin müharibə olmayacaq. Ermənistanın bunun üçün lazımi potensialı yoxdur.
- Paşinyan yekun sülh müqaviləsini imzalamağa hazır olduğunu deyirsə, yəqin, hansısa umacağı var...
- Əlbəttə, müəyyən şərtlər olacaq. Biz bunu təbii qəbul etməliyik. Xüsusilə kommunikasiya xətlərinə nəzarətlə bağlı məsələlərin müzakirə olunacağı gözləniləndir.